Porsche şirkəti, 911 kupesinin nəinki trekdə, həmçinin ümumi istifadə yollarında da sürmə həzzini bəxş edəcək “təmiz” modifikasiyasını buraxmaq niyyətindədir. Üstəlik istehsalçı, bu variantın buraxılışını Porsche 911 R sportkarı kimi məhdudlaşdırmaq fikrində deyil. Bu barədə məlumatı, Porsche şirkətinin tədqiqatlar və işləmələr şöbəsinin rəhbəri Mixael Ştaynerə istinadən “Autocar” dərgisi yayıb.
“Biz getdikcə daha çox insanın sadəcə sürməkdən həzz alacağı avtomobili almaq istədiyini öyrənmişik. Bizim hər zaman həm məhdud sayda, həm də məhdudiyyəti olmayan modellərimiz olub. “Təmiz” idman avtomobillərinin sayını məhdudlaşdırlmaq lazım deyil”, - Ştayner bildirib.
Bununla belə, yüksək vəzifəli Porsche nümayəndəsi əlavə təfərrüatları açıqlamayıb. Yeni “təmiz” sportkarın cari modelin modifikasiyası və yaxud sportkarın növbəti nəsilinin nümayəndəsi olacağı məlum deyildir.
Porsche 911 R sportkarı 2016-cı ilin mart ayında təqdim edilmişdir. Bu model, indiyə qədər buraxılmış 911 modelləri arasında ən yüngül çəkiyə malik olanıdır. Onun çəkisi 1370 kiloqram təşkil edir. R-modifikasiyasının əsasını GT3 RS modeli təşkil edir. 911 R sportrkarı 500 at qüvvəsi və 460 Nm fırlanma anı hasil edən 4,0-litrlik altı silindrli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışır.
Porsche 911 R modelinin tirajı 991 nüsxə ilə məhdudlaşdırılıb. Onun Almaniyadakı satış qiyməti 189544 avro təşkil edir.