Artıq məlum olduğu kimi, 2021-ci ildə Formula 1 çempionatında mühərriklər sahəsində texniki reqlamentə dəyişikliklər ediləcəkdir. Porsche şirkəti bu dəyişikliklərdən yararlanaraq Formula 1 çempionatında mühərrik təchizatçısı qismində iştirak etmək niyyətindədir.

Bu barədə Motorsport nəşrinə alman şirkətinin idarə heyətinin sədr müavini Luts Meşke bildirib. “Formula 1 bizim üçün ən düzgün yerdir. Formula E vacib olsa da, Formula 1 hər zaman diqqət yetirmək üçün yaxşı variantdır. Məncə yeni mühərriklər barədə danışıqlar yaxşı gedir”, - Meşke bəyanat verib.

2021-ci ildə Formula 1 çempionatında yeni mühərriklər tətbiq ediləcəkdir. Söhvət istilik enerjisini toplayan MGU-H sistemi olmayan altı silindrli iki turbokompressorlu mühərriklərdən gedir.  Hazırda Formula 1 bolidlərinin mühərriklərində bir turbokompressor mövcuddur.  Yeni reqlament mühərrikləri daha ucuz və sadə edəcəkdir.

Motorsport nəşri Porsche şirkətinin tərəfdaşlarının Red Bull və Williams komandaları olacağını qeyd edib. Hazırda Porsche Motorsport dünya dözümlülük çempionatında təmsil olunur. Lakin, iyul ayında istehsalçı ilin sonunda bu çempionatı tərk etdiyini bəyan edib. Porsche diqqətini Formula E çempionatına yönəltməyə qərar verib.

Xatırladaq ki, Porsche 1983-cü ildə McLaren komandasını "TAG-Turbo Made by Porsche" markası altında V6 turbomühərriki ilə təchiz edirdi. 1984-1987-ci illərdə, bu əməkdaşlığın nəticəsi olaraq 3 çempionluq titulu, 2 konstruktorlar kuboku, 25 qələbə, 54 podium və 7 poul-pozişn əldə edilmişdi.