Bir neçə həftə bundan əvvəl, Porsche şirkəti WEC çempionatının LMP1 kateqoriyasını tərk etdiyini açıqlamışdı. Alman istehsalçısı 2020-ci ildən Formula E çempionatında zavod komandası ilə iştirak etmək planlarını səsləndirmişdi.
Porsche şirkətinin nümayəndələri Formula E çempionatının istehsalçının gələcək inkişaf strategiyasına daha uyğun olduğunu və bu çempionatın elektrik texnologiyalarının sınaq laboratoriyası rolunu oynacağını da bildirmişdir. Lakin, atalar demişkən - heç də hər şey göründüyü kimi deyil, - və bunun da səbəbi vardır.
Alman markasının tədqiqat və inkişaf bölümünün rəhbəri Mixail Ştayner Porsche mühəndislərinin yeni yüksək effektivli benzin güc aqreqatının üzərində çalışdığını bildirib. Nə qədər qəribə görünsə də, bu bəyanat alman markasının Formula 1 çempionatına qayıdacağı haqqında gəzən şaiyələrlə üst-üstə düşüb.
"Digər istehsalçılar kimi biz də FIA-nın təşkil etdiyi güc aqreqatları ətrafında müzakirələrdə iştirak etmişik. Bizim Vaysaxdakı komandamız hazırda F1 mühərriki üzərində işləmir.
Bununla belə, biz bu məsələdə qəti qərar qəbul etməmişik", - Ştayner Auto Motor und Sport dərgisinə müsahibəsində bildirib. Ştayner yeni layihə haqqında ətraflı məlumat verməsə də, güc aqreqatının yaradılmasına LMP1 komandasının mühəndislərinin cəlb edildiyini təsdiq edib.
"LMP1 kateqoriyası üçün yaratdığımız komanda yüksək motivasiyaya, təcrübəyə və yüksək biliklərə malikdir. Bu səbəbdən də yeni layihənin mövcudluğu bizim mühəndislər, mexaniklər və pilotlar üçün yaxşı xəbərdir".