Porsche şirkəti Lucasfilm ilə ilə birlikdə hazırladığı kosmik gəmini təqdim edib. Alman şirkətindən verilən məlumata görə, şattlın hazırlanmasına iki ay vaxt sərf edilib. Kosmik nəqliyyat vasitəsini Tri-Wing S-91x Pegasus Starfighter adlandırıblar.
Porsche şirkətinin dizayn üzrə vitse-prezidenti Maykl Mauer “starfayterin” görkəminin onu “Ulduz müharibələri” dünyasına harmonik şəkildə inteqrasiyasını təmin etdiyini, eyni zamanda, Porsche markasına məxsus olan üslub və nisbətləri nümayiş etdirdiyini bildirib. Məsələn, dizaynerlər kosmik gəminin pilot kabinasınadan başlayaraq arxa hissədəki turbinalara qədər daralan formasının Porsche markasının model xəttini xatırlatdığını iddia edirlər.
Bundan başqa, ön “hava girişləri” və “fənərlər”, həmçinin arxa tərəfdəki jalüzilər və mərkəzdə yerləşdirilmiş stop-siqnal Porsche Taycan modelinin müvafiq elementlərini xatırlatmalıdır. Üstəlik, dizaynerlər “Peqasusun” interyerinin də Porsche markasına xas olan üslubda dizayn edildiyini də vurğulayıblar.
Tri-Wing S-91x Pegasus Starfighter gəmisi “Ulduz müharibələri. Skayuokerin yüksəlişi” filminin Los Ancelesdəki ilk nümayişi zamanı 1,5 metrlik model şəklində debüt edəcəkdir.