Porsche mühəndisləri avtomobilləri fərdiləşdirmək üçün qeyri-adi üsula əl atıblar. İndi hər bir Porsche 911 modelinin sahibi barmaq izinin böyüdülmüş şəklini avtomobil kapotunun üzərinə çəkdirə bilər.
Hələlik, yeni opsiya yalnız avtomobil kapotları üçün mövcuddur, lakin gələcəkdə fərdiləşdirmə elementlərini digər detalların üzərində də çap etmək planlaşdırılır. Üstəlik, mətbuat xidmətinin verdiyi məlumata görə, bu elemetlər yalnız barmaq izləri olmayacaqdır.
Əvvəlcə, avtomobil sahibi özünün biometrik məlumatlarını təqdim etməlidir. Sonra isə, istehsalçı kapotu çıxararaq, xüsusi robotun köməkliyi ilə barmaq izinin böyüdülmüş təsvirini kapota vuracaqdır. Son mərhələdə, detal şəffaf lak ilə örtüləcək və cilalanacaqdır.
Belə fərdiləşdirmənin dəyəri heç də ucuz deyil - detal üçün 7.500 avro (indiki məzənnə ilə 13.800 manat) ödəmək gərəkdir. Şirkət yüksək qiyməti təsvirin vurulmasının mürəkkəbliyi ilə izah edir.
Təsvirin kuzova vurulması prinsipi şırnaqlı printerin işinə bənzəyir: mürəkkəb üç ölçülü komponentlərə avtomatik çap başlığı ilə vurulurr. Bundan əlavə, dayanmadan çapı təmin etmək üçün təsvirin vurulması prosesini barmaq izinin emalı, çap başlığının hərəkəti və robotlaşdırılmış idarəetmə sistemi ilə sinxronlaşdırmaq gərəkdir.