Porsche şirkəti dəfələrlə Le Manda keçirilən dözümlülük yarışlarında qalib gəlib, lakin “dizelgeytdən” sonra alman istehsalçısı fasilə götürməli olub. İndi isə, almanlar dözümlülük yarışlarına geri qayıtmaq niyyətindədirlər. Bu günlərdə Şəbəkədə peyda olan yeni Porsche sportprototipinin tizerləri buna dəlalət edir.
Tizerlərdə kamuflyaja bürünmüş hiperkar təsvir edilir. Porsche markası LMDh sinifində iştirak edəcəkdir ki, bu sinifin qaydalarına əsasən yarış avtomobilinin şassisini təsdiq edilmiş siyahıdakı (Dallara, Multimatic, Ligier və ya Oreca daxildir) tədrükçülərdən əldə etməyə icazə verilir. Beləliklə, iştirakçılar əsas diqqəti transmissiya və aerodinamik elementlərin hazırlanmasına yönəldərək, çəkilən xərcləri əhəmiyyətli dərəcədə azalda bilərlər.
Porsche hiperkarı
“Biz, əsas tərəfdaşımız olan Penske komandası ilə birlikdə yeni LMDh prototipinin üzərində işləyirik və şassi istehsalçısı olan Multimatic ilə sıx əməkdaşlıq edirik”, - Porsche komandasının nümayəndəsi Tomas Laudenbax bildirib. O, həmçinin modelin intensiv sınaqlarının gələn ilin yanvarında başlanacağını bildirib. Yeni sportprototipin yarış debütü 2023-cü ildə baş tutmalıdır.
Alman sportprototipi yüksək hiperkarlar kateqoriyasında bir neçə il ardıcıl olaraq qalib gələn Toyota hiperkarı ilə yarışacaqdır.
Peugeot 9X8
İştirakçılar siyahısında Peugeot şirkəti də var: fransız markası 9X8 adlı hiperkarını bu ilin iyul ayında nümayiş etdirib. Fransız hiperkarı arxada quraşdırılmış 2,6-litrlik V6 mühərrikinə və öndəki mühərrik-generatora malikdir. Güc qurğusunun ümumi hasilatı 500 kilovat və ya 680 at qüvvəsi təşkil edir ki, bu da FIA qaydaları tərəfindən icazə verilən maksimum gücdür.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.