Porsche şirkətinin klassik avtomobilləri bərpası ilə məşğul olan bölümü 1972-ci ildə öz sinifində «Le-Manın 24 saatı» marafonunun qalibi olmuş Porsche 911 2.5 S/T modelini yenidən həyata qaytarmışdır. Avtomobili iki il bundan əvvəl bərbad bir vəziyyətdə Amerika Birləşmiş Ştatlarında aşkar edilmişdir. Alman şirkəti avtomobili tamamilə bərpa etmiş və orijinal rənginə boyamışdır. Porsche şirkəti 911 2.5 S/T avtomobilindən cəmi 24 ədəd istehsal etmişdir. Özəl komandaların ehtiyacını qarşılamaq üçün yaradılan yarış avtomobili adi yollar üçün nəzərdə tutulmuş Porsche 911 2.4S modelinin əsasında hazırlanmışdır.
Bu avtomobili 1971-ci ildə ABŞ-dan olan pilot Mayk Keyser sifariş vermişdir. Avtomobil 1972-ci ildə «Le-Manın 24 saatı» da daxil olan dözümlülük yarışlarında iştirak etmişdir.
«Le-Manda» keçirilən marafonda Porsche 911 2.5 S/T modeli fransız Lui Meznaryenin komandasında çıxış etmişdir. Avtomobili idarə edən pilotlar heyətinə Keyserdən başqa Porsche şirkətinin pilotu alman Yurgen Bart və isveçrəli Silven Qaran daxil olmuşdurlar.
Pilotlar yarışda 13-cü yer və GT kateqoriyasının 3,0-litrə qədər iş həcmi olan mühərriklərlə təchiz edilən avtomobillər sinfində birinci yeri tutmuşdurlar. «Le-Man» marafonuna qədər bu avtomobil «Sebrinqin 12 saatı», «Daytonanın 6 saatı» və «Nurburqrinqin 1000 kilometri» yarışlarında iştirak etmişdir.
Yenidən bərpa edilmiş Porsche 911 2.5 S/T avtomobilinin kütləvi nümayişi Almaniyanın Essen şəhərində işinə başlamış Techno Classica sərgisində keçiriləcəkdir.