Los Ancelesdə işinə başlayan avtosalonda Porsche şirkəti 718 Cayman GT4 RS trek sportkarı ilə yanaşı, onun gənc yarışçılar üçün nəzərdə tutulmuş variantını nümayiş etdirib. Bu Clubsport indeksini daşıyan modelin üçüncü iterasiyasıdır.
Porsche 718 Cayman GT4 Clubsport modeli Porsche 911 GT3 Cup yarış avtomobilindən götürülmüş 500 at qüvvəli 4,0-litrlik atmosfer mühərriki ilə təchiz edilib. Alman istehsalçısı yeni modelin mühərrikinin 2019-cu ilin Cayman GT4 Clubsport modelinin 3,8-litrlik aqreqatından 18% daha güclü olduğunu bildirib. Altı pilləli “robotu” isə, yeddi diapazonlu versiya əvəzləyib.
Yeni “Klabsport” versiyası “ciddi şəkildə yaxşılaşdırılmış” asqıya və optimallaşdırılmış aerodinmaikaya sahib olub. Avtomobilin konstruksiyasında biokompozitdən hazırlanan materialların sayı artırılıb: yaradıcıları yarış avtomobilini orqanik liflərdən hazırlanmış detalların sınaqdan keçirilməsi üçün istifadə etmək niyyətindədirlər. Bu, gələcəkdə bənzər detalları yol avtomobillərində də tətbiq etməyə imkan verəcəkdir.
Porsche 718 Cayman GT4 RS Clubsport modeli milli və beynəlxalq çempionatların iştirakçılarına tam hazır vəziyyətə çatdırılacaqdır. Avtomobillər təhlükəsizlik karkası, Recaro yarış oturacağı və yanğısöndürmə sistemi ilə təchiz ediləcəkdirlər. Səs-küy səviyyəsinə yüksək tələblər irəli sürən treklərdə yarışmaq üçün isə, alternativ buraxılış sistemi nəzərdə tutulub.
Altı il əvvəl Los Anceles avtosalonunda debüt etmiş ilk Porsche Cayman GT4 RS Clubsport modeli istehsalçıya müştəri yarışlarının yeni seqmentinə ayaq açmağa yardım edib. 2016-2018-ci illər arasında 421 ədəd yarış kupesi satılıb. Modelin ikinci nəsli daha uğurlu olub: bu günə qədər sportkar 500 nüsxəlik tirajla satılıb. Yeni yarış avtomobili 2022-ci ilin mövsümündə debüt etməlidir. Avtomobilə sifarişlər artıq qəbul olunur. Yarış avtomobilin satış qiyməti 229.000 dollar (vergilər nəzərə alınmadan) təşkil edir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.