Orta ölçülü Porsche Macan krossoveri 2014-cü ildə debüt edib, lakin onun istehsalı hələ də davam edir. Alman istehsalçısı cari modelin bundan sonra iki ilə yaxın buraxılacağını bildirib. Məsələ ondadır ki, bir neçə il əvvəl Porsche rəhbərliyi fundamental qərar qəbul edərək, ikinci nəsil Macan krossoverinin elektromobilə çevriləcəyini bildirmişdi.
Almanlar elektrik krossoverinin hazırlanmasına daha çox vaxt sərf olunacağını da vurğulamışdılar. Porsche ilk işlək prototipləri 2021-ci ilin yazında nümayiş etdirsə də, tam şəkildə hazır olan yeni Macan Electric yalnız indi işıq üzü görüb.
Macan tanış formalarını saxlayıb, lakin eyni zamanda Porsche Taycan elektrik sedanına bənzəyir. Krossoverin ölçüləri bir qədər dəyişib: onun uzunluğu 58 millimetr (4784 millimetr), eni 16 millimetr (1938 millimetr), hündürlüyü isə simvolik 1 millimetr (1622 millimetr) artıb. Təkər bazası isə, daha çox - 86 millimetr artaraq 2893 millimetrə çatıb. Təkər disklərinin maksimal diametri 22 düymdür.
Yenilik ön hava girişindəki aktiv qapaqlara və elastik örtüklü yastı altlığa malikdir, arxada isə inkişaf etdirilmiş diffuzor və aktiv spoyler var. Bu, diqqətlə işlənmiş kuzov konturları ilə birlikdə aerodinamik müqavimət əmsalını Cx=0,25 etməyə imkan verib ki, bu da krossover üçün möhtəşəm göstərici sayılır.
Macan modelinin interyeri əvvəlcədən nümayiş etdirilib və onun ən diqqətçəkən cəhəti ön paneldəki üç böyük ekrandir. Bununla belə, baza versiyasında yalnız iki ekran olacaq: əyri formalı cihazlar paneli (12,6 düym) və media sistemin mərkəzi displeyi (10,9 düym).
10,9 düymlük üçüncü ekran isə, əlavə ödəniş qarşılığında təklif olunur - hərəkət zamanı videolara və sosial şəbəkələrə yalnız bu ekranda baxmaq olar. Bundan əlavə, artırılmış reallığa malik olan proyeksiya displeyi də var.
Krossoverin media sistemi Android Automotive əməliyyat sisteminə əsaslanır və yalnız ən zəruri məlumatları əks etdirən xüsusi minimalist iş rejiminə malikdir. Baqajın həcmi 540 litrdir, arxa cərgənin oturacaqları qatlandıqda isə, bu həcm 1348 litrə qədər artır. Ön tərəfdəki baqaj bölməsinin həcmi 84 litrdir.
Macan Electric krossoveri Porsche və Audi tərəfindən hazırlanmış yeni PPE (Premium Platform Electric) elektrik platformasında inşa edilmiş ilk seriya modelidir. O, 800 voltluq elektrik sistemindən istifadə edir, Macan üçün isə 100 kilovat/saatlıq (96 kilovat/saat əlçatandır) dartma batareyası təklif olunur.
Yüksək gərginlik həsəd aparılacaq şarj sürətini təmin edir - 270 kilovatlıq terminaldan istifadə edərək, 21 dəqiqə ərzində batareyanın 10 faizdən 80 faizinə qədər doldurmaq mümkündür. 400 voltluq terminala (135 kilovata qədər) qoşulduqda bort sistemi daha yüksək sürət və səmərəlilik üçün 800 voltluq batareyanı iki klasterə bölür.
“Bazada” yeni Macan passiv amortizatorları olan yaylı asqıya (öndə ikiqollu, arxada çoxqollu) malikdir, lakin opsiyalar arasında ikiklapanlı adaptiv PASM amortizatorları və pnevmatik yaylar da var. Sonuncu krossoverin klirensini standart 184-dən 225 millimetrə qədər artırmağa imkan verir. Krossover həmçinin tam idarələnən şassi və elektron idarələnın arxa differensial ilə təchiz edilə bilər.
Təqdimatda krossoverin tanış adlarla işarələnmiş iki modifikasiyası təqdim olunub: Macan 4 baza versiyası və qabaqcıl Macan Turbo. Hər iki versiya ikimühərrikli güc qurğusuna və tam ötürməyə malikdir və onların boş çəkisi eynidir - 2405 kiloqram.
Macan 4 versiyasının güc aqreqatı 408 at qüvvəsi və 650 Nm hasil edirki, bu da baza krossoverinə 220 km/saata sürətlənməyə imkan verir. Elektrik krossoveri 100 km/saata sürətlənməyə 5,2 saniyə sərf edir.
Macan Turbo versiyasının güc qurğusu 639 at qüvvəsi və 1130 Nm hasil edir. Turbo 100 km/saata 3,3 saniyəyə sürətlənir və 260 km/saatlıq maksimal sürətə malikdir. Macan heç vaxt belə sürətli olmayıb: onun benzin versiyası 100 km/saatı ən azı 4,3 saniyəyə yığa bilir, maksimal sürəti isə bir qədər çoxdur - 272 km/saat.
Yeri gəlmişkən, Taycan sedanından fərqli olaraq, krossoverdə iki pilləli arxa reduktor yoxdur: bütün versiyalarda sadə təkpilləli reduktor var. WLTP dövrünə əsasən, Macan 4 versiyası 613, Turbo versiyası isə 591 kilometrlik yürüş ehtiyatına malikdir.
Üstəlik, yüksək bərpa gücü (240 kilovata qədər) sayəsində şəhər yürüşü 750 kilometrə çata bilər. Yedəyə alınan qoşqunun çəkisi iki tona çatır.
Porsche şirkətinin Leypsiqdəki zavodunda Macan Electric modelinin istehsalına may ayında başlanılacaq, elektrokarın satışlarına isə bu ilin ikinci yarısında start veriləcək. Alman istehsalçısı artıq elektrik krossoverinə sifarişləri qəbul edur. Almaniyada Macan 4 krossoverinin qiyməti 84.100 avrodan başlayır, Macan Turbo üçün isə ən azı 114.600 avro ödəmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.