Növbəti nəsil Porsche Macan modelinin elektrik modifikasiyası ilə bağlı yeni məlumatlar peyda olub. Almaniyanın Automobilwoche nəşrinin məlumatına əsasən, elektrik mühərriki ilə hərəkətə gələn «Makan» 2022-ci ilin sonuna qədər konveyerə çıxmalı və onun təqdimatı isə, kütləvi istehsalın başlanmasından bir neçə ay əvvəl baş tutmalıdır.
Macan modelinin nəsil dəyişikliyindən sonra elektrik versiyasını əldə edəcəyi barədə məlumat bu ilin əvvəlində səsləndirilib. İlkin məlumatlara görə, yeni krossoveri Taycan elektrokarının istehsalında istifadə edilən PPE (Premium Platform Electric) platformasında inşa edəcəklər. Macan elektrokrossoveri tam ötürmə sisteminə və təxminən 709 at qüvvəsi və 1017 Nm fırlanma anı hasil edən elektrik güc qurğusuna sahib olacaqdır.
Eyni zamanda, elektrik veınrsiyasın adi Macan modelindən fərqli dizayna malik olarağı bildirilib. Lakin, avtomobil ümumi dizayn üslubunu və kuzovun formasını saxlayacaqdır. Şirkət, elektrik krossoverinin bazara çıxmasından sonra, onun ümumi satışlardakı payının 30-40 faizini təşkil edəcəyin ümid edir. Bununla birlikdə, satış rəqəmləri bölgədən və infrastrukturun inkişafından asılı olaraq dəyişə bilər.