Porsche şirkəti yenilənmiş Macan GTS (Gran Turismo Sport) modelini təqdim edib. Porsche Macan S və Macan Turbo modellərinin arasında yerləşən krossover 380 at qüvvəsi hasil edən 2,9-litrlik mühərrik ilə təchiz edilir.
Əlavə 20 at qüvvəsinə sahib olmuş mühərrik təkmilləşdirilmiş PDK “robotu” ilə tandemdə çalışır. Opsional Sport Chrono dəsti ilə təchiz edilmiş Porsche Macan GTS modeli 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir. Bu göstərici yenilənmədən öncəkindən 0,3 saniyə yeyindir. Krossoverin maksimal sürəti 261 km/saat təşkil edir.
Porsche Macan GTS modelinin standart təchizatına adaptiv asqı sistemi, qara rəngli 20-düymlük RS Spyder Design təkər diskləri və çuqun əyləc mexanizmləri daxildir. Əlavə ödənişlə, onları karbon-saxsı və ya volfram karbidi ilə örtülmüş əyləc mexanizmləri ilə əvəzləmək olar.
Zahiri cəhətdən GTS modelini qara rəngli tərtibat elementlərinə, yeni kuzov dəstinə, tündləşdirilmiş işıq texnikasına görə tanımaq olar. Salonda dəri və alkantara ilə örtülmüş, həmçinin səkkiz istiqamətdə tənzimləmələrə malik olan idman oturacaqları quraşdırılıb. Avadanlıq siyahısına smartfonların naqilsiz doldurulması sistemi və Bose səs sistemi daxil edilib.
Porsche Macan GTS modelinin satışlarına bu ilin yayında başlanacaqdır. Almaniyadakı dilerlər artıq sifarişləri qəbul edirlər. GTS modelinin qiyməti 77.880 avrodan başlayır.