Porsche şirkəti dörd silindirli turbomühərriklə təchiz edilmiş Macan modelinin Almaniya bazarında satışlarının başlandığı barədə xəbər yaymışdır. Bu modifikasiya Macan modelinin ən ucuz variantı sayılır və artıq Almaniyadakı dilerlər avtomobilin 55669 avrodan (97615 manat) başlayan qiymətlərlə sifarişlərini qəbul etməyə başlamışdırlar. Qeyd etmək lazımdır ki, bu günə qədər krossoverin ən ucuz variantının 60548 avroya satılan Macan S Diesel olduğu bilinirdi. İndi isə, Porsche Macan'nın ən ucuz modeli 252 at qüvvəsi və 370 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindirli turbomühərrik ilə təchiz edilən variantı olacaqdır.
Porsche 718 Boxster modelindən tanıdığımız dörd silindirli turbomühərrik 7-pilləli iki muftalı robotlaşdırılmış PDK sürətlər qutusu ilə birlikdə çalışır. Bu tandem Porsche Macan krossoverini 100 km/saat həddinə 6,7 saniyəyə sürətləndirməyə qadirdir. Əgər opsional Sport Chrono dəsti sifariş edilərsə, bu zaman sürətlənmə dinamikası daha yeyin olur və 6,5 saniyə təşkil edir. Avtomobilin maksimal sürəti 229 km/saat təşkil edir.
İstifadə edilən təkərlərdən aslı olaraq, yeni NEDC (New Europen Driving Cycle) standartlarına görə avtomobil 100 kilometrə 7,2 - 7,4 litr arasında yanacaq sərf edir. Ən sadə Porsche Macan modelinin tam çəkisi 1770 kiloqramdır və avtomobil standart olaraq Porsche Traction Management (PTM) tam çəkiş sistemi ilə təchiz edilir. Opsional olaraq pnevmatik asqı sistemini də sifariş etmək mümkündür.
Ən sadə Porsche Macan modelini digərlərindən 18-düymlük təkər disklərinə, pəncərələrin qara haşiyəsinə, qara əyləc dəstəklərinə və modifikasiya edilmiş paslanmaz poladdan olan səsboğucu sisteminin borularına görə ayırd etmək olar.
Ucuz olmasına baxmayaraq dörd silindirli mühərriki olan Macan zəngin standart təchizata malikdir. Buna misal olaraq elektriklə tənzimlənən komfortlu oturacaqları, PCM əyləncə-məlumat sistemini və bir sıra təhlükəsizlik sistemlərini göstərmək olar.
Sadə Porsche Macan modelinin Azərbaycan bazarında satışlarının mümkünlüyü barədə məlumat əldə etmək üçün Porsche Bakı Mərkəzi ilə əlaqə saxladıq. Bizə hələlik bu haqda dəqiq məlumatın olmadığı bildirildi.