Porsche şirkəti Almaniya, Kanada və Çində ilk elektromobili olan Taycan modelini təqdim edib. Yeni elektrokar alman markasının ən populyar modeli ola bilər - əlbəttə ki, əgər əfsanəvi 911 modelinin debüt ilində olduğundan daha çox öncədən sifarişi yığarsa…
Porsche Taycan modelinin əsasını elektrik güc qurğularına malik olan avtomobillər üçün hazırlanmış PPE (Premium Platform Electric) platforması təşkil edir. Hələlik, elektrokarın ən güclü modifikasiyaları təqdim edilib: Turbo və Turbo S. Porsche Taycan Turbo 625 (overbust rejimində 680) at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən güc qurğusu ilə tıəchiz edilir. Porsche Taycan Turbo 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir.
Porsche Taycan Turbo S notçbeki isə, 625 (overbust rejimində 761) at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən güc qurğusuna malikdir. Taycan Turbo S 100 km/saat həddini 2,8 saniyəyə toplayır. Hər iki modelin maksimal sürəti 260 km/saat həddində məhdudlaşdırılıb.
Hər iki modifikasiyanın güc qurğusunun tərkibinə arxa oxda quraşdırılmış ikipilləli reduktor daxildir. Hər iki avtomobil 93,4 kilovat-saatlıq litrium-ion batareya ilə təchiz edilir. Porsche Taycan Turbo 450 kilometrlik, Taycan Turbo S isə, 412 kilometrlik yürüş məsafəsinə malikdir.
Porsche Taycan modeli 800 voltluq elektrik sistemi ilə təchiz edilmiş ilk seriya avtomobilidir. Batareyanı 11 - 270 kilovat arasında gücü olan cərəyan mənbəyindən doldurmaq olar. Beş dəqiqəlik cərəyan yüklənməsi 100 kilometr yürüyüşü təmin edir. Akkumulyatorların 80 faizini 22,5 dəqiqəyə doldurmaq olar.
Taycan modelinin mexatronik şassisi Porsche 4D Chassis Control sistemi tərəfindən idarə olunur. Üçsəviyyəli pnevmatik asqının, adaptiv amortizatorların, elektromexaniki stabilizatorların və dartma vektoruna nəzarət sisteminin vericilərindən əldə edilən məlumatlar real vaxt rejimində emal və təhlil edilir. Elektrokar üçün beş hərəkət rejimi nəzərdə tutulub: Range, Normal, Sport, Sport Plus və Individual. Birinci rejim enerjiyə qənaət, sonuncu isə, avtomobilin tənizmləmələrini fərdiləşdirməyə yardım edir.
Porsche Taycan istifadə edilən gücü əks etdirən 16,8-düymlük qövsvari cihazlar panelinə sahib olub. Qeyd etmək lazımdır ki, bu ekranın kənar hissələri sensorludur - orada işıqların yandırılması və hərəkət rejimlərinin seçilməsi düymələri yerləşir. Bundan başqa, ön panelin mərkəzində multimedia sisteminin 10,9-düymlük displeyi yerləşdirilib. Avtomobil sahibi bu ekranın kifayət etmədiyi hesab edərsə, əlavə ödənişlə ön sərnişin üçün eyni ölçülü ayrıca displey sifariş edə bilər.
Daha bir 8,4-düymlük displey mərkəzi konsolda yerləşdirilib. Bu displeyin köməkliyi ilə, havalandırma sistemini idarə etmək olar. Porsche mütəxəssisləri arxa sərnişinləri də unutmayıblar - əlavə ödəniş qarşılığında onlar 5,9-düymlük displeylə təmin edilirlər. Əlbəttə ki, iTunes Store kitabxanasına girişi olan multimedia sisteminə malik olan avtomobildə çoxsaylı displeylərin olması qəribə görünməməlidir.
Porsche Taycan modeli son trendə uyğun olaraq, «Hey, Porsche» çağırışı ilə aktivləşən ağıllı səs yardımçısı ilə təchiz edilir. Opsional olaraq tam idarələnən şassini, adaptiv asqını, aktiv aerodinamikanı və karbon-saxsı əyləc mexanizmlərini sifariç etmək mümkündür. Porsche nümayəndələrinin sözlərinə görə, əyləcləmənin 90 faizi elektromotorlar tərəfindən rekuperasiya ediləcəkdir.
Bu sistem 265 kilovat enerji rekuperasiya edə bilər. Hidravlik sistem yalnız əlahiddə hallarda işə düşəcəkdir. Bundan başqa, elektrokarın salonunun zeytun ağacının yarpaqlarından hazırlanmış ekodəri ilə də üzləmək olar. Eyni zamanda, tam sintetik material olan Race-Tex materialı da əlçatandır.
Porsche Taycan Turbo ABŞ bazarında 153.310, Turbo S isə, 187.610 dollardan başlayan qiymətlərlə satılacaqdır.