Porsche şirkəti “Maşınlar” cizgi filminin qəhrəmanı - Sally Carrera adlı avtomobilin şərəfinə unikal Porsche 911 Sally Special kupesini hazırlayıb. Sportkarın yaradılması üzərində Pixar kinostudiyasının dəstəyini alan Porsche Exclusive Manufaktur bölməsi işləyib. Modelin təqdimatı Monterey Car Week tədbirində baş tutub.
Cizgi filmindəki Sallinin obrazı 2002-ci ilin 911 modelindən ilham alınaraq yaradılıb. Yeganə nüsxədə inşa edilmiş unikal 911 Sally Special kupesi isə, 480 at qüvvəsi və 570 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbomühərrik və 7-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz olunmuş Porsche 911 Carrera GTS sportkarına əsaslanır.
Avtomobilin Turbo adlanan təkər diskləri 996 nəsilndən olan 911 sportkarındakı ilə eyni dizayna malikdir. Öndə 20, arxada isə 21-düymlük təkər diskləri quraşdırılır.
Avtomobilin hazırlanması prosesi unikal Sally Blue Metallic rənginin yaradılması ilə müşayət olunub. Bu rəng cizgi qəhrəmanının rənginə maksimal dərəcədə yaxındır. Bundan başqa, sportkarın arxa spoyleri açıqldıqda film qəhrmanının döyməsi də nümayiş etdirilir.
Sportkarın salonunda Sally Blue Metallic rənginddə çoxsaylı elementləri görmək olar. Bu rəng ön paneldə, mərkəzi konsolda və qapı kartlarında daözünü biruzə verir. Şirkət oturacaqların və qapı panellərinin üzlənməsində damalı naxışı və mavi aksentləri olan xüsusi parçadan istifadə edib. Bu parça təbaşir rəngində dəri ilə kontrast təşkil edir.
Porsche şirkəti 911 Sally Special sportkarını xeyriyyə hərracında satmağı planlaşdırır. Avtomobilin alıcısı sportkar ilə birlikdə xüsusi qol saatını, avtomobil örtüyünü və ikinci təkər diskləri dəstini əldə edəcəkdir. Bonus olaraq, avtomobilin sahibinə “Maşınlar” cizgi filminin quruluşçu rejissoru Bob Polinin rəsmləri olan kitab təqdim ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.