Porsche şirkəti 911 modelindən daha yüksək mövqedə qərarlaşacaq yeni superkar ailəsi üzərində işlədiyi barədə artıq yazmışıq.
Bu günlərdə göstərilmiş Mission S adlı konsept markanın gələcək dizayn istiqamətini və yeni ortamühərrikli idman avtomobilləri platformasını nümayiş etdirir. Lakin modelin seriya istehsalına gedəcəyi və təqdimat tarixi barədə məlumat hələlik açıqlanmayıb.
Mission S-in dizaynında Porsche 911, 959, 917 və GT1 kimi əfsanəvi modellərin cizgilərindən istifadə olunub. Alçaq ön hissə, güllə formasını xatırladan qanadlar və dairəvi fənərlər klassik üslubu müasir yanaşma ilə birləşdirir.
“Floating Volumes” adlandırılan dizayn konsepsiyasında kuzov səthləri avtomobilin əsas gövdəsindən ayrılmış kimi görünür. Arxa hissədə mühərriki əhatə edən “car-in-car” quruluşu Porsche GT1 modelini xatırladır. Aktiv arxa spoyler və Porsche 917-dən ilhamlanan mühərrikin soyudulmasını təmin edən elementlər də diqqət çəkir.
Salonun əsas xüsusiyyəti rəqəmsal ekranların üstünlük təşkil etdiyi müasir interyerlərdən fərqlənməsidir. Sükanın arxasında beş dairəvi analoq cihazlarından ibarət yerləşdirilib, rəqəmsal göstəricilər isə onların arxa fonunda əks olunur.
Hərəkət rejimindən asılı olaraq cihazların mövqeyi dəyişə bilər. Fiziki düymələr və yeni basılıb-çəkilən idarəetmə elementləri əsas funksiyalara nəzarəti təmin edir.
Konseptdə mərkəzi sensorlu ekran və ön sərnişin üçün ayrıca displey yoxdur. Naviqasiya və digər məlumatlardan istifadə etmək üçün Apple MagSafe texnologiyalı, yığılıb-açılan smartfon tutacağı nəzərdə tutulub. Ağ, boz və qırmızı rənglərdə işlənmiş salon isə Porsche-nin yarış irsinə istinaddır.
Mission S Porsche-nin “Sportwagenschmiede ’35” strategiyasının ilk layihəsidir. Şirkətin dizayn rəhbəri Tobias Sühlmann konseptdə nümayiş etdirilən üslubun gələcək seriya avtomobillərinə də təsir edəcəyini bildirib.
Porsche hələlik avtomobilin mühərriki, gücü, dinamik göstəriciləri və qiyməti barədə məlumat açıqlamayıb. Bununla belə, şirkət yeni yüksək məhsuldarlıqlı idman avtomobilləri ailəsi üzərində işlədiyini təsdiqləyib. Bu modellərin elektromobil olmayacağı bildirilsə də, konkret güc qurğusu barədə məlumat yoxdur.
Mission S hələlik konsept olaraq qalır, lakin Porsche-nin 911-dən üst pillədə yerləşəcək yeni flaqman idman avtomobilləri hazırlamaq niyyətini nümayiş etdirir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









