"Autograph" onlayn dərgisinin bu dəfəki qonağı güman edirəm ki, geniş oxucu kütləsinə yaxşı tanışdır. Azərbaycan avtomobil bazarının yenicə inkişaf etdiyi və sivil relslərə keçməyə hazırlaşdığı bir vaxtlarda bu avtomobilin ilk nəslini Bakı küçələrində tez-tez müşahidə etmək olardı. Söhbət əlbəttə ki, Cənubi Koreya istehsalçısı KİA şirkətinin yığcam krossoveri olan Sportage modelindən gedir.
Ümumiyyətlə, KİA Sportage modelinin maraqlı tarixçəsi vardır. Bildiyimiz kimi, bu avtomobilin ilk nəslinin əsasında Mazda şirkətinin Bongo modelinin platforması dururdu. Ən maraqlısı isə, bu avtomobilin istehsal edildiyi ölkə idi. Əgər güman edirsiniz ki, bu ölkə Cənubi Koreya adlanır, onda böyük səhviniz vardır.
KİA Sportage modelinin birinci nəsli Karmann firmasının Osnabryüke şəhərində yerləşən zavodunda istehsal edilirdi. Öz növbəsində Osnabryüeke şəhəri Almaniyada yerləşir. Bəli, nə az, nə çox - Almaniyada! 1993-cü ildə işıq üzü görən Sportage krossoverinin ilk nəsli düz 13 il konveyer həyatı yaşamışdır. Avtomobilin ikinci nəsli 2002-cü ildə təqdim olunsa da, onun birinci nəsli daha dörd il Rusiyanın Kaliniqrad şəhərindəki "Avtotor" müəssisəndə istehsal edilmişdir.
Sportage modelinin ikinci nəsli də səkkiz illik konveyer həyatı yaşadıqdan sonra, 2010-cu ildə yerini bu krossoverin üçüncü nəslinə vermişdir.
Sportage modelinin Azərbaycan bazarındakı uğuru barədə danışmaq yersizdir - bunun üçün küçəyə çıxaraq şütüyən avtomobil axınına baxmaq kifayətdir. KİA Sportage modelinin ikinci və üçüncü nəslinin nümayəndələri Bakı küçələrində kifayət qədərdir. Bu gün bizim qonağımız olan KİA Sportage artıq bu krossoverin dördüncü nəslinin nümayəndəsi sayılır. Yeni avtomobil keçən ilin avqust ayında təqdim olunmuş, geniş kütlə qarşısında isə, sentyabr ayında keçirilmiş Frankfurt avtosalonunda çıxmışdır.
Avtomobil dünyasında ənənəyə çevrilmiş “ölçülərin böyüdülməsi” tendensiyasına uyğun olaraq Sportage də ölçülərini dəyişmişdir. Bununla belə, avtomobilin eni (1855 millimetr) və hündürlüyü (1635 millimetr) əvvəlki səviyyədə qalsa da, onun uzunluğu 40 millimer (4480 millimetr) artmışdır. Lakin, ən vacib artım krossoverin təkər bazasındadır . Təkərlər arasındakı məsafə 30 millimetr artaraq 2670 millimetrə bərabər olmuşdur.
Təkər bazasının uzunluğunun artması, ilk növbədə avtomobilin iç məkanının genişlənməsinə səbəb olmuşdur ki, bunu da ən çox hiss edəcək insanlar arxa cərgənin sərnişinləri olacaqdır.
Yeni krossoverin kuzovunun quruluşunda da mühüm dəyişikliklər baş vermişdir. Mühəndislər avtomobilin kuzovunda istifadə edilən yüksək möhkəmlikli poladın xüsusi çəkisini 51 faizə qədər artırmışdırlar ki, bu da krossoverin çəkisinin azaldılması ilə bərabər kuzovun quruluşunun möhkəmliyini artırmış, eyni zamanda idarə edilmə kefiyyətini yüksəltmişdir.
Güman edirəm ki, texniki məlumatlar bəs edər. Keçək ən emosional məsələyə - avtomobilin dizaynına. Sportage modelinin bizim sərəncamımızada olduğu bir neçə gün ərzində onun zahiri görkəmi barədə müxtəlif fikirlər eşitdik. Məşhur dizayner Piter Şrayerin başçılıq etdiyi dizaynerlər komandası tərəfindən yaradılmış zahiri görkəm demək olar ki, bir çoxlarının rəğbətini qazana bilmişdir. Avtomobilə nəzər saldıqda, ilk növbədə, üçüncü nəslin ən tanınmış üslub elementlərindən olan pəncərə xəttini görmək olar. Güman edirik ki, bu xəttləri artıq Sportage’in digər nəsillərində də müşahidə edəcəyik. Məhz kuzovun bu sayaq silueti modeli hər zaman tanınan edəcəkdir.
Yeri gəlmişkən, respodentlərin əksər hissəsi yeni Sportage modelinin Porsche şirkətinin Macan modelini xatırlatdığını söyləmişdirlər. Koreya istehsalçısının dizaynerlərinin krossoverin üçüncü nəsilinin tanış xəttlərini dördüncü nəslə də "köçürdüyünü" nəzələ alsaq, bu müqayisənin nədən yarandığı ilə maraqlandıq.
Sən demə əsas "günahkar" yeni modelin ön işıq texnikasıymış. İstənilən halda, Sportage modelinin özündən iki-üç dəfə bahalı avtomobilə bənzədilməsi təqdirə layiq haldır.
Yeni KİA Sportage modelinin interyerinə gəldikdə isə, yeni krossoverin interyerinin dizaynı daha iri krossover olan Sorento modelinin üslubunda hazırlanmışdır. Hətta, Sorento modelində müşahidə etdiyimiz ön panel boyu uzanan yalançı “tikiş xətti” də mövcuddur.
Sürücü yerinin tərtibatı, Koreya istehsalçısının son modellərində olduğu kimi dəqiq, düşünülmüş və istifadəçinin rahatlığını təmin edən üslubda həyata keçirilmişdir. Hətta, smartfonların batareyasının simsiz doldurulması üçün nəzərdə tutulmuş meydança belə göz qabağında və rahat əlçatandır.
Test günləri zamanı diqqətimi çəkən maraqlı bir məqam sükan çarxının üzləndiyi dəri ilə oldu. Dəqiq desək, bu dərinin sürüşkənliyi. Bu hal sükanın idarəedilməsi zamanı bir qədər narahatçılıq yaradırdı. Ola bilsin ki, bunun səbəbini adi günlərdə avtomobildən istifadə edən yerli distribütorunun xanım əməkdaşında axtarmaq lazımdır.
Avtomobilin idarəolunması və hərəkət rahatlığı yaxşı səviyyədəddir. Yeni krossover idaəolunmada “böyük qardaş” olan Sorento modelini xatırlatsa da, daha kiçik ölçüləri və az çəkisi sayəsində daha çevik hərəkət edən avtomobil təsirini bağışlayır.
Görünən odur ki, koreyalı mühəndislər iradlardan nəticə çıxararaq avtomobilin asqısı üzərində ciddi işləmişlər. Əvvəlki nəslə nisbətən asqı həm səssiz işi, həm də rahat gedişi ilə seçilir. Düzdür, asqı hələ də yol səthində olan əyriliklərə reaksiya versə də, bunu əvvəlki kimi kobud şəkildə həyata keçirmir.
Bizim sərəncamımıza verilmiş krossover 2,4-litrlik GDi benzin mühərriki ilə hərəkətə gəlir. 184 at qüvvəsinə və 238 Nm fırlanma anına malik olan mühərrik altı pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır.
Bundan əlavə, crossover Dynamax tam ötürməli çəkiş sistemi ilə də təchiz edilmişdir. Əlbəttə ki, Sportage modelini eyni zamanda digər 2,0-litrlik benzin (155 at qüvvəsi) və dizel (185 at qüvvəsi) mühərrikləri ilə də sifariş etmək mümkündür, amma nədənsə 177 at qüvvəsi və 265 Nm fırlanma anı olan yeni 1.6-litrlik T-GDi turbomühərriki bizim bazarda təklif edilmir.
Avtomobil həmçinin KİA və Hyunadi modellərindən tanış olan Drive Mode sistemi ilə də təchiz edilir ki, bu sistem də sürücüyə üç rejimdən (Eco, Normal və Sport) birini seçməyi təklif edir. Bununla yanaşı , sükanın təkmilləşdirilmiş elektrik gücləndiricisi sərtliyi artmış kuzovla tandemdə idarəetməni daha həssas və çevik etmişdir. Döngələrdə krossover özünü daha stabil aparır və onları sürətlə qət etmək imkanı yaradır.
Sözün açığı bu üç rejim arasında ən çox istifadə etdiyim rejim “Eco” rejimi oldu. “Sport” rejimi adətən avtomagistrallarda və tıxaclarda daha çox aktualdır. Şəhər daxilində isə ən sərfəli rejim məhz “Eco”dur. Etiraf etməliyəm ki, bu sayaq sistemlər sürücülər tərəfindən nadir hallarda istifadə edilir - bir çoxları onların mövcudluğu haqqında avtomobili aldıqdan bir-iki həftə sonra unudurlar. Lakin, “Eco” rejimindən istifadə həqiqətən də yanacağa hiss olunacaq dərəcədə qənaət etməyə köməklik edir. Testlər zamanı avtomobildə avtomatik klimat-kontrol sistemi dayanmadan, fasiləsiz çalışmasını nəzərə alsaq, ortalama yanacaq sərfiyyatının 8,2-litr səviyyəsində olacağını açıq desək gözləmirdim.
KİA Sportage modelinin salonu beş nəfərin avtomobildə rahat səyahətini təmin etmək iqtidarındadır. İkinci cərgənin sərnişinləri, salonun arxa hissəsində artmış olan hündürlükdən və ayaqlar zonasındakı genişlikdən məmnun olmalıdırlar.
Cənubi Koreya istehsalçısının təklif etdiyi avtomobillər geniş avadanlıq siyasına malik olan baza təchizatı ilə seçilirlər. Bu barədə uzun-uzadı danışaraq vaxtınızı almaq istəməzdim. Səbəb yerli nümayəndənin rəsmi saytındakı məlumat bolluğundadır.
Məncə daha diqqət çəkən məsələ avtomobil üçün tələb edilən vəsaitin məbləğidir. Yerli nümayəndəlik Sportage modelini üç təchizat səviyyəsində - Standart, Comfort, GT-Line təchizatı ilə təklif edir. 2,0-litrlik benzin və dizel mühərrikləri ilə təchiz edilmiş avtomobillərin dəyəri 40900 manat ilə 54900 manat arasında dəyişən qiymətlərlə təklif edir.
İkinci devalvasiyadan sonra yüksələn manatla olan qiymətlər yarım ildən çox vaxt keçməsinə baxmayaraq alıcıları son addım atmaqdan çəkindirən bir faktora çevrilmişdir.
Əgər qiymətlərini ABŞ dollarına çevirsək, qiymətlərin 26 min ilə 35 min dollar arasında olduğunu görərik. Bununla belə, KİA Sportage modelinin başlıca rəqibi olan, və onun “əkiz qardaşı” sayılan Hyundai Tucson modelinin ən bahalı variantı 43400 manata təklif edilir.
Güman edirəm ki, yerli nümayəndə 1,6-litrlik mühərriklərlə və öndən çəkiş sistemi ilə təchiz edilmiş krossoverlərə də nəzər salmalıdır. Gömrük rüsumunda və zavod qiymətlərindəki fərq, qiymətləri hissediləcək dərəcədə cazibədar edəcəkdir.
+ eksteryerin dizaynı, idarəolunması, yanacaq sərfiyyatı, təchizatı,
- rəqiblərə nisbətən yüksək qiyməti, yeni 1,6-litrlik mühərriklərin təklif edilməməsi, yanacağa qənaət edən Stop&Go sisteminin olmaması,
P.S. Fürsətdən istifadə edib Bakı Velotrekinin rəhbərliyinə çəkilişlər üçün şərait yaratdığı üçün təşəkkür edirik. Trek rəhbərliyinin bildirdiyinə görə, Bakı şəhərinin sakinləri və qanaqları Velotrekin xidmətlərindən pulsuz şəkildə istifadə edə bilərlər. Bundan başqa, Velotrekin nbəzdində müxtəlif bölmələr mövcuddur ki, arzu edən şəxslər peşəkar məşqçilərin xidmətlərindən istifadə edə bilərlər. Velosipedi olmayan şəxslərə Velotrekin sərəncamında olan texnikadan istifadə etmək imkanı da təqdim edilir.