Gəzən şayiələrə görə, Panamera liftbekinin yeni modifikasiyası öz sinfində “Yaşıl cəhənnəm”in liderinə çevrilib. Bununla belə, alman markası bu barədə heç bir məlumatla bölüşməyib.
Porsche Panamera ailəsi plan üzrə yenilənmədən keçməlidir və ilkin məlumatlara görə, bu proses çərçivəsində liftbekin ən ekstremal modifikasiyası işıq üzü görəcəkdir. Təsdiqini tapmayan məlumata görə, ekstremal versiya Lion (“Aslan”) kod adı ilə tanınır.
Dolaşan şayiələrə əsasən, məhz Panamera Lion planetin ən məşhur yarış trekində yeni rekordu qeydə alıb. Bəzi mənbələr Panamera prototipinin Nürburqrinqdə xronometrist və rəsmi müşahidəçilərin iştirakı ilə dövrə vurduğunu iddia edirlər. Bundan əlavə, prototipin trekdə rəsmi fotosessiyasının təşkil olunduğu da söylənilir.
“Bərkgedən” Porsche Panamera modelinin “Şimal ilgəyi”ni 7 dəqiqə 11 saniyəyə qət etdiyi bildirilir. Əgər söylənilənlər doğrudursa, prototip nəinki əvvəlki rekordun sahibi olan Jaguar XE SV Project 8 modelindən 10 saniyə yeyindir, eyni zamanda o, markanın keçmiş flaqmanı olan Porsche 918 Spyder superhibridini də üstələyib.
Qeyd etmək lazımdır ki, Porsche baş verənlərin təfərrüatlarını açıqlamaqdan imtina edib: amerikalı həmkarlarımızın sorğusuna cavab verən şirkət nümayəndələri “biz hazırlanmaqda olan və ya gələcək məhsullar barədə şərh vermirik” deyərək cavab verməkdən boyun qaçırıblar.
Beləliklə, şirkət bu şayiəni nə təsdiq, nə də ki təkzib edib. Odur ki, Porsche şirkətinin növbəti titul qazanması ehtimalı hələlik aktuallığını qoruyur.
Panamera Lion modelinə gəlincə isə, bu modifikasiya barədə heç bir məlumat mövcud deyil. Bəzi mənbələr yeni versiyanın Panamera ailənin flaqmanı olacağı və Turbo S E-Hybrid modifikasiyasından götürülmüş, lakin hasilatı 830 at qüvvəsinə qədər artırılmış hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.
Başqa bir versiyaya görə, “Aslan” Panamera Turbo modifikasiyasından alınmış və gücü 750 at qüvvəsinə qədər artırılmış 4,0-litrlik V8 mühərriki ilə təchiz olunub və 200 kiloqram “arıqlayıb”.
İstənilən halda, Porsche şirkəti önümüzdəki aylarda Panamera modelinin yenilənmiş versiyasını təqdim etməlidir. Çox güman ki, qeydə alınmış rekord barədə də həmin təqdimat zaman məlumat veriləcəkdir. Əlbəttə ki, bu şayiələr həqiqətdirsə …