Porsche şirkəti Panamera modelinin yeni versiyaları üzərində işləyir. Panamera modelinin bazasında inşa ediləcək İkiqapılı kupe və kabriolet modelləri 2+2s oturacaq formuluna malik olan 911 ailəsinin daha praktik variantı sayılacaqdır. Bu modellər BMW 8 Series Coupe və 8 Series Convertible ilə rəqabət aparacaqdırlar.
Şirkət daxilindəki mənbələrinə istinad edən Autocar dərgisi yeni modellərin əsasını cari nəsil Panamera modelinin inşa olunduğu MSB platformasının qısaldılmış variantının təşkil edəcəyini bildirib. Üstəlik, dərgi yeni modellərin artıq gələn il satışa çıxarılacağını da qeyd edib. Autocar modellərin yeni ada malik olacağını da bildirib. 2+2s oturacaq formulu isə arxa oturacaqların sırf simvolik olacağından xəbər verir.
Yeni kupe və kabrioletin mühərrik çeşidi Panamera modelini təkrarlayacaqdır. Bu qammaya 330 at qüvvəsi və 450 Nm fırlanma anı daxil olan 3,0-litrlik V6 mühərriki, 460 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərriki daxil ediləcəkdir. Hibrid güc qurğuları olan 4 E-Hybrid və Turbo S E-Hybrid modifikasiyalarının da olacağı istisna edilmir.