Porsche şirkəti ikinci nəsil Panamera ailəsinə uzadılmış bazaya malik olan modifikasiyanı əlavə etmişdir. Bu barədə Avstraliyanın “Drive” nəşrinə alman istehsalçısının model xətti üzrə direktoru Hernot Delner məlumat vermişdir.
Uzun bazalı Porsche Panamera modelinin nə zaman təqdim ediləcəyi tarix məlum deyildir. Avtomobilin bazasının nə gədər genişlənəcəyi barədə də məlumat verilməmişdir. Adi Panamera “sedan”ının uzunluğu 5049 millimetr, təkər bazasının uzunluğu isə 2950 millimetrə bərabərdir. Bundan başqa, delner Panamera modelinin “universal” kuzovu ilə olan variantının istehsal ediləcəyini təsdiqləmişdir. Artıq, xəbərlərimizdən də izlədiyiniz kimi, Panamera’nın universal kuzovlu prototipinin görüntüləri dəfələrlə fotocəsuslar tərəfindən çəkilmişdir. Universal kuzovlu Panamera modelinin kütləvi nümayişi bu ilin sentyabrında keçiriləcək Paris avtosalonunda baş tutacaqdır. Universal 2012-ci ildə Parisdə təqdim edilmiş Sport Turismo konseptinin dizayn üslubunda yaradılmışdır.
Porsche nümayəndələrinin sedan adlandırdığı Panamera hetçbekinin ikinci nəsli bu ilin iyun ayında rəsmi olaraq təqdim edilmişdir. Avtomobil tam idarələnən şassi, yana əyilmələri aktiv önləyən sistemi və səkkiz pilləli PDK “robotu” ilə təchiz edilir.