Porsche şirkəti 911 sportkarının növbəti xüsusi versiyasını hazırlayıb və bu dəfə səbəb həqiqətən də əlamətdardır! Axı, 50 il əvvəl dünya turboüfürməli ilk Porsche 911 sportkarının debütünə şahid olub! Bu münasibətlə Porsche Pebbl Biçdə keçirilən Zəriflik müsabiqəsində Porsche 911 Turbo 50 Years edition yubiley versiyasını nümayiş edirib.
Porsche 911 Turbo kupesi ilk dəfə ictimaiyyətə 1974-cü ildə keçirilmiş Paris avtosalonunda nümayiş etdirilib. Sportkar hava ilə soyudulan 260 at qüvvəli 3,0-litrlik altısilindrli oppozit turbomühərriki ilə təchiz edilmişdi. Bununla belə, rəsmi olaraq, ilk turbomühərrikli Porsche 911 bir qədər əvvəl 70 illik yubileyini qeyd edən Luiza Pyexə (Ferdinand Porşenin qızı) verilmiş nüsxə idi. Bununla belə, həmin seriyaöncəsi nüsxə 2,7-litrlik turbomühərrikə (240 at gücünə) malik idi və seriyaya getməmişdi.
Müasir yubiley versiyası kuzov və antiqanaddakı antrasit-boz rəngli aksentləri, həmçinin eyni rəngli təkər diskləri ilə seçilir. Yan tərəfdə modifikasiyanın adı olan qrafika həkk edilib, əlbəttə ki, xatirə lövhələri olmadan da ötüşməyib. Bunun kifayət etmədiyini düşünənlər üçün opsional nostalji “50 Years Turbo” paketi var. Buraya Aventurine yaşıl metal boyası, göz oxşayan gümüşü kuzov qrafikası, ağ rəngli retro disklər və arxa tərəfdəki qızılı nişan daxildir.
İnteryer də nostalji hökm sürür: dəri və damalı parçadan oturacaq üzlükləri və tavanın RaceTex materialı ilə perforasiyalı örtüyü var. Xüsusi versiyanın loqotipləri başlıqları, ön paneldəki saatı və qapı kandarlarındakı löhvələri (işıqlandırılır) bəzəyir. Əlbəttə ki, xatirə lövhələri də var.
Texniki baxımından Porsche 911 Turbo 50 Years edition versiyası Turbo S seriya versiyasından heç nə ilə fərqlənmir. Bu, hələ də yenilənmədən əvvəlki modeldir, çünki 911 ailəsinin son yeniləməsi hələlik Turbo versiyalarına çatmayıb. Həcmi 3,75 litr olan altısilindrli oppozit mühərriki istiqamətləndirici aparatın dəyişən həndəsəsi olan iki turbokompressora malikdir. Mühərrik 650 at qüvvəsi və 800 Nm hasil edir, səkkiz pilləli preselectiv PDK “robotu” və tam ötürməli transmissiya ilə birlikdə işləyir. 100 km/saata sürətlənmə vaxtı 2,7 saniyə, maksimal sürəti isə, 330 km/saatdır.
Porsche 911 Turbo 50 Years edition tirajı 1974 nüsxədən ibarət olacaq. Almaniyada belə bir kupe üçün minimum 274 min avro tələb edirlər. Beləliklə, yubiley versiyası adi 911 Turbo S modelindən 27 min avro bahadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.