Porsche 718 ailəsi debüt etdiyi vaxtdan bu günə qədər məhsuladarlıq sahəsində güclü sıçrayışa nail olub. Hazırda 718 ailəsinin modifikasiya çeşidində altısilindrli oppozit mühərriki olan GTS versiyası, Cayman kupesinin GT4 və Boxter rodsterinin Spyder versiyaları mövcuddur. Lakin Porsche şirkəti bununla kifayətlənmək niyyətində deyil və Style Edition adlı yeni tərtibatı hazırlayıb. Özü də, yeni versiya həm Cayman, həm də Boxster üçün əlçatandır.
Style Edition versiyaları ilkin olaraq Avropadakı dilerlərin şourumlarında peyda olacaqlar. Bundan sonra isə, onları digər bazarlarda da təklif edəcəklər. Alman istehsalçısı hələlik 718 Style Edition modellərinin satış qiymətini açıqlamayıb. Çox güman ki, bu məlumat satışların başlanmasına bir müddət qalmış səsləndiriləcəkdir.
Yeni paketin əsas xüsusiyyəti Ruby Star Neo rəngidir. Bu çaları Porsche rəng palitrasında olan Frozen Barry Metallic rənginin aqressiv versiyası kimi də qəbul etmək gərəkdir.
Porsche nümayəndələri bu rəngin 964 seriyasından olan 911 Carrera RS “Ruby Star” modelinə ehtiram əlaməti olduğunu bildirirlər. Bu, bir daha alman istehsalçısının kataloqunda başqa möhtəşəm kuzov rənglərinin mövcud olduğundan xəbər verir.
Style Edition tərtibatına malik olan Porsche 718 Cayman və 718 Boxster modelləri 718 Boxster Spyder modelindən alınmış 20-düymlük təkər diskləri ilə təchiz edilirlər. Bu disklər standart olaraq parlaq qara rəngə boyanırlar, lakin əlavə ödəniş qarşılığında onları ağ rəngə boyamaq da mümkündür.
Bundan başqa, avtomobilləri ağ və ya qara rəngli emblemlər və xüsusi dekallarla ilə bəzəmək də olar. Buraxılış sisteminin mərkəzdə yerləşən qara rəngli çıxış boruları və Boxster modelinin yumşaq damındakı basmanaxış bu ansamblı tamamlayırlar.
İnteryer tərtibatında ağ tikişləri olan qara rəngli dəridən istifadə olunur. Bundan başqa, Style Edition seriyasından olan modellərin oturacaq başlıqlarında Porsche emblemi, kandarlarında isə işıqlanan xüsusi lövhələr var. Modellərin standart təchizatına adaptiv ön fənərlər, idman buraxılış sistemi, habelə ön və arxa parkinq sensorları daxildir.
Porsche 718 Style Edition seriyasından olan Cayman və Boxster modelləri 300 at qüvvəli 2,0-litrlik dördsilindrli oppozit mühərriki ilə hərəkətə gəlirlər. Güc aqreqatı 6-pilləli mexaniki ötürmələr qutusu və ya 7-pilləli PDK “robotu” ilə təchiz edilə bilər. Alman istehsalçısı Style Edition seriyasından olan modellərin satış qiymətlərini daha sonra açıqlayacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.