Uzun müddətdir ki, Porsche şirkəti əfsanəvi 911 sportkarını daxili yanma mühərriki ilə təchiz edilən son model kimi mövqeləndirir. Bununla belə, yeni sayiələrə inansaq, almanların idman kupesinin “batareyalı” versiyasını yaratmaq qərarına gəliblər. Üstəlik, 911 elektrokarının özəlliyi Amerikanın QuantumScape şirkəti tərəfindən hazırlanan litium-metal əsaslı sərtgövdəli batareyasının quraşdırılması olacaq. Yeri gəlmişkən, Volkswagen konserni bu şirkətin səhmlərinin əksəriyyətinə nəzarət edir.
Volkswagen şirkəti 2018-ci ildə QuantumScape şirkətinə 100 milyon dollar, 2020-ci ildə isə daha 200 milyon dollar sərmayə qoyub. Hazırda şirkət sərtgövdəli batareyaların hazırlanmasına yönəldiləcək 1 milyard dollardan çox sərmayə əldə edib.
Şirkət daxilindəki mənbələrin bildirdiyinə görə, Porsche 911 elektrokarı bu onilliyin sonuna qədər debüt etməlidir. Bundan belə nəticə çıxır ki, Porsche daxili yanma mühərriki ilə təchiz edilmiş daha bir nəsli buraxacaq və bundan sonra əfsanəvi idman avtomobili elektrik ötürməsinə keçəcəkdir. Porsche şirkətinin baş direktoru Oliver Blume 911modelinin heç vaxt elektrik avtomobilinə çevrilməyəcəyini və hibridləşmə yolu ilə gedəcəyini bildirib.
Təbii ki, benzin-elektrik 911 sportkarı da sərtgövdəli batareya ilə təchiz edilə bilər. Bununla belə, insayderlər sərtgövdəli batareyanın sırf elektromobildə quraşdırılacağına əmindirlər. Yeri gəlmişkən, hibrid qurğulu 911 modelinin ilk sınaq prototipləri gələn il ümumi istifadə yollarında peyda olmalıdırlar.
Amma bazarın belə bir sportkarı qəbul edəcəyi böyük sual altındadır. Məlum olduğu kimi, indi Porsche 911 sportkarı ilk növbədə heç bir elektrik əlavəsi olmayan, hətta avtomobilin mərkəzində deyil, arxasında, yəni arxa oxun üstündə yerləşən altısilindrli oppozit mühərriki ilə assosiasiya edilir. 718 ailəsində elektrik güc qurğusunun yerləşməsi ilə bağlı heç bir problem yoxdursa, flaqman sportkarında konstruksiyanın ənənəvi qeyri-adi balansının pozulması riski var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.