Porsche şirkəti emək olar ki, il yarım əvvəl 992 ailəsinin planlaşdırılan modernləşdirilməsinə start verib. İndi isə, növbə ən güclü Turbo versiyalarınındır: yenilənmiş Porsche 911 Turbo S superkarı Münxendə keçirilən IAA sərgisində debüt edib. Kupe və kabriolet kuzovlu yenilənmiş versiyalar eyni vaxtda təqdim olunub. Əsas yenilik isə, hibridləşmədir: əfsanəvi sportkarın top versiyası artıq benzin-elektrik güc qurğusu ilə hərəkətə gəlir!

Firma T-Hybrid sistemi keçən il Carrera GTS versiyasında peyda olan hibrid qurğunun növbəti təkamülüdür. Əvvəlki 3,75-litrlik 9A2 biturbomühərrikdən imtina edilib, onun əvəzinə isə, Carrera GTS modifikasiyasından tanış olan 3,6-litrlik 9A3 mühərriki quraşdırılıb, lakin o bir əvəzinə iki turbokompressora sahib olub.
Üstəlik, bunlar sadə kompressorlar deyil, quraşdırılmış elektrik ötürməsi olan eTurbo kompressorudur: 11 kilovat gücündə kompakt elektrik mühərriki turbin və kompressor təkərləri arasındakı vala quraşdırılıb.

O, elektronikanın əmri ilə dərhal işləməyə başlayır, hətta işlənmiş qazların axını turbini döndərməzdən əvvəl kompressor çarxını sürətləndirir. Qaz pedalı buraxıldıqda isə, elektrik mühərriki batareyanı doldurmaq üçün generator rejiminə keçir. “Biturboaltılığın” hasilatı 640 at qüvvəsi və 760 Nm təşkil edir.
Bundan əlavə, hibrid səkkiz pilləli robotlaşdırılmış PDK ötürmətlər qutusuna quraşdırılmış tamölçülü dartma elektrik mühərrikinə (71 at qüvvəli) malikdir. Nəticədə, yeni S versiyasının güc qurğusu 711 at qüvvəsi və 800 Nm hasil edir.

Bu, Porsche 911 sportkarının tarixdəki ən güclü versiyasıdır, çünki Turbo S modelinin 3,75-litrlik biturbo mühərriki olan əvvəlki versiyası 650 at qüvvəsinə malik idi. Pik fırlanma anı dəyişməz olaraq qalır, lakin əvvəllər o 2500-4000 dövr/dəqiqədə əlçatan idisə, indi elektrik üfürməsi sayəsində diapazon əhəmiyyətli dərəcədə genişlənib: 2300-dən 6000 dövr/dəqiqəyə qədər!
Carrera GTS versiyasında olduğu kimi, cəmi 1,9 kilovat/saatlıq dartma batareyası ön baqajda quraşdırılıb. O, 400 volt işləmə gərginliyinə malikdir, ölçü və çəki baxımından adi avtomobil akkumulyatoru ilə müqayisə edilə bilər.

İstehsalçı bütün hibrid əlavənin çəkisinin 85 kiloqram olduğunu bildirir, lakin bir sıra fəndlər sayəsində faktiki çəki artımını 25 kiloqrama sığdırmaq mümkün olub: yenilənmiş kupenin təchiz olunmuş vəziyyətdəki çəkisi 1740 kiloqramdır.
Xatırladaq ki, yenilənmədən əvvəlki modeldə bu göstərici 1715 kiloqram idi. Məsələn, yığcam 12 voltluq akkumulyator quraşdırılıb, arxa oturacaqlar çıxarılıb (indi bu pulsuz seçimdir), yanacaq çəninin həcmi isə, 67 litrdən 63 litrə endirilib.

Nəticədə, hibrid 100 km/saat həddinə 2,5 saniyəyə (əvvəlki benzin versiyasından 0,2 saniyə yeyin) sürətlənir, 200 km/saat sürətlənmə isə, 8,4 saniyə (- 0,5 saniyə) çəkir. Kabriolet daha ağırdır (1825 kiloqram), arxa oturacaqlar baza təchizatına daxildir.
Kabrioletin dinamik göstəriciləri, müvafiq olaraq, 2,6 və 8,8 saniyədir. Amma maksimal sürət baxımından hibridlər əvvəlki modellərdən geri qalırlar: 330 km/saat əvəzinə 322 km/saat (kuzov növündən asılı olmayaraq).

Bununla belə, daha bir göstərici yenilənmiş avtomobilin imkanlarından xəbər verir: zavod sınaqları zamanı seriyaöncəsi Porsche 911 Turbo S kupesi Nürburqrinqin dövrəsini 7 dəqiqə 3,92 saniyəyə, yəni əvvəlki modeldən təxminən 14 saniyə tez başa vura bilib!
Bu, təkcə hibrid sistemin məziyyəti deyil. Məsələn, arxa oxdakı təkərlər 10 millimetr enli olublar: indi 325/30 ZR21, ön təkərlərin ölçüsü isə, əvvəlki kimi (255/35 ZR20) saxlanılıb.

Üstəlik, Turbo S versiyasında aktiv PDCC stabilizatorlarının ehPDCC (electro- hydraulically Porsche Dynamic Chassis Control) adlanan yeni iterasiyası debüt edib. Adi stabilizatorların dayaqları ümumi hidravlik sistemə birləşdirilir və onun vasitəsilə elektronika hər təkərdəki qüvvəti tənzimləyə bilir.
Əlavə ödəniş qarşılığında aşağı sürətlərdə ön oxu qaldırmaq funksiyasını sifariş etmək olar (kələ-kötürlüklərin qət keçmək üçün). Əvvəlki kimi, karbon-keramik əyləclər (PCCB) standart avadanlığa daxildir, lakin arxa disklərin diametri 390-dan 410 millimetrə qədər artırılıb (ön tərəfdə 420 millimetrlik disklər saxlanılıb).
Nəhayət, aktiv aerodinamikaya yenidən baxılıb. Ön bamperin altındakı üfürülən ətək və arxa tərəfdəki yuxarı qalxan antiqanad saxlanılıb, ön bamperdə olan yeni şaquli jalüzilər əvvəlki üfüqi olanlardan daha effektivdirlər.
Ən axarlı konfiqurasiyasında Cd müqavimət əmsalı 0,33-dən 0,3-ə endirilib. Yeri gəlmişkən, yağış zamanı ön qapaqlar profilaktik olaraq bağlanırlar ki, onlar vasitəsi ilə nəm ön əyləclərə keçməsin.
Qalan halda, Turbo S versiyasının modernləşdirilməsi kiçik modifikasiyalarla eyni ssenari üzrə aparılıb: yeni işıqlandırma avadanlığı, bamperdən yoxa çıxmış hərəkət işıqları, digər təkər diskləri, həmçinin tam virtual cihazlar paneli və mühərriki işə salma düyməsi (qulp əvəzinə) olan yeni interyer. Avtomobillərə sifarişlər artıq qəbul olunur. Almaniyada Porsche 911 Turbo S kupesinin qiyməti 271 min avrodan, kabrioletin isə, 285 min avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.