Porsche şirkəti bayraqdar K1 krossoverini elektromobilə çevirmək qərarına gəlib. Model 2028-ci ildə güclü daxili yanma mühərrikləri və hibrid güc aqreqatları ilə debüt edəcək və gələcək Audi Q9 krossoverinin "əkizi" olacaq.
Porsche model xəttində Cayenne krossoverindən yuxarıda yerləşəcək yeni bayraqdar BMW X7 və Mercedes GLS kimi lüks seqmentinin nəhəngləri ilə rəqabət aparmaq üçün nəzərdə tutulub. Əvvəlcə onun Volkswagen konserninin SSP (Scalable Systems Platform) modul platformasında inşa ediləcəyi planlaşdırılırdı.
Lakin “Carscoops” nəşrinin bildirdiyinə görə, alman istehsalçısının planları dəyişib. Səbəb məlumdur - lüks elektromobillərə tələbatın gözləniləndən daha az olması və xüsusən də Porsche Taycan elektrik liftbəkinin satışlarının azalması. SSP platforması üçün proqram təminatının hazırlanmasındakı gecikmələr də əhəmiyyətli rol oynayıb.
Nəticədə, K1 buraxılışa hazırlanan Audi Q9 ilə paylaşacağı sınaqdan çıxmış PPC (Premium Platform Combustion) platformasına keçəcək. Bu qərar modelin yaradılmasını sürətləndirməklə yanaşı, həm də istehsalın unifikasiyası sayəsində xərcləri azaldacaq.
İlkin məlumatlara görə, hibrid versiyaların gücü 348 - 739 at qüvvəsi arasında dəyişəcək ki, bu da Cayenne modelinin top versiyaları ilə müqayisə edilə bilər. Yeniliyin salonu 4, 5 və ya 7 oturacaqla təchiz ediləcək.
Hər iki model - Porsche K1 və Audi Q9 - Bratislavadakı zavodda yığılacaq ki, bu da xərcləri optimallaşdıracaq. Yeni Audi modelinin debütü Porsche avtomobilindən təxminən bir il əvvəl, yəni təxminən 2027-ci ildə gözlənilir. Yeni modelin əsas bazarları ABŞ və Çin olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









