Porsche şirkəti hər bir əməkdaşına 9111 avro məbləğində mükafat təqdim edəcəyi barədə bəyanat vermişdir. Beləliklə, 21 minə yaxın insan bonus alacaqdır. Bu yolla alman istehsalçısı 2016-cı ildə əldə etdiyi uğurlu nəticələri qeyd edir.
Keçən il alman istehsalçısı rekord satış göstəricilərinə nail olmuşdur.
2015-ci ilə nisbətən satılmış avtomobillərin sayı beş faiz artaraq 237778 ədəd təşkil etmişdir. Porsche şirkətinin gəliri 22,3 milyard avroya qədər artmış (+ 4%), əməliyyat mənfəəti isə 14% artaraq 3,9 milyard avro təşkil etmişdir. 2016-cı ilin sonunda Porsche şirkətinin əməkdaşlarının sayı da artaraq 27612 nəfərə çatmışdır. Bu Porsche rəhbərliyi tərəfindən əməkdaşlara verilən ilk mükafat deyildir. Alman istehsalçısı 2016-cı ildə də əməkdaşlarına doqquz min avroya yaxın mükafat vermişdi. O zaman şirkət 2015-ci ildə əldə etdiyi uğurları qeyd edirdi.
Şirkət rəhbərliyi onun tarixində 2015-ci ilin ən uğurlu il olduğunu söyləmişdir. Həmin il ilk dəfə olaraq şirkət 200 mindən çox avtomobil satmağa müvəffəq olmuşdu. 2015-ci ildə Porsche əməkdaşlarına əlavə 8,6 min avro ödəmiş, 2014-cü ildə isə illik mükafatın məbləği 8,2 min avro təşkil etmişdir.