Porsche şirkətinin xüsusi Porsche Exclusive bölməsi ən dəbdəbəli Panamera modeli sayılan uzun bazalı Panamera Turbo modeli üçün xüsusi işləmələr proqramını təqdim etmişdir. Porsche Panamera Turbo Executive adını almış avtomobil xüsusi eksteryerə və interyerə malik olmuşdur.
Zahiri cəhətdən dəbdəbəli liftbeki Carmine Red parlaq-qırmızı rənginə boyanmış kuzova və opsional SportDesign dəstinə görə seçmək olar. Adını çəkdiyimiz dəstin tərkibinə başqa arxa diffuzor, buraxılış sisteminin boruları olan dəliklərin kuzovun rənginə boyanmış haşiyəsi və iki rəngli çoxqollu təkər diskləri daxildir. Avtomobilin salonu qara rəngdə tərtib edilmiş, ön və qapı panellərində və mərkəzi konsolda olan qırmızı rəngə boyanmış elementlərlə bəzədilmişdir. Bundan əlavə, salonun parlaq aksentlər olmadan qara və ya sumaxı rəngli dəri ilə tərtibatı da mümkündür.
Porsche Panamera Turbo Executive modifikasiyası 550 at qüvvəsi və 770 Nm fırlanma anı olan 4,0-litrlik V8 mühərriki ilə təchiz edilmişdir. 100 km/saat sürətini toplamağa avtomobilə 3,9 saniyə gərəkdir. Onun maksimal sürəti isə 300 km/saat təşkil edir.
Dəbdəbəli modifikasiya 150 millimetr genişləndirilmiş təkər bazasına malikdir. Panamera Turbo Executive modifikasiyasının təchizatına pnevmatik asma, PASM adaptiv şassisi, panoram tavan və bütün oturacaqların qızdırılması daxildir. Əlavə ödəniş etməklə tam idarəolunan şassini, qapı çəkicilərini, arxa cərgə üçün açılan masaları olan iri dirsəkaltını və 10,1-düymlük çıxarılan planşetləri olan multimedia sistemini sifariş etmək mümkündür.
Porsche Panamera Turbo Executive modelinin ilk kütləvi təqdimat mərasimi Los-Anjelesdə keçiriləcək avtosalonda baş tutacaqdır.