Porsche artıq Panamera modelinin elektrik versiyası üzərində işləyir. Model bu onilliyin ikinci yarısında bazara çıxacaq və SSP (Scalable Systems Platform) arxitekturasına əsaslanacaqdır. Çox güman ki, batareya ilə işləyən Panamera daha səmərəli elektrik mühərriklərini və daha yüksək enerji saxlama sıxlığına malik olan dartma batareyasını alacaqdır. Porsche eyni platformadada yeddi yerlik elektrik krossoverini, Volkswagen isə, ən qabaqcıl Project Trinity elektromobilini inşa edəcəkdir.
Sintetik yanacaqlarla aparılan təcrübələrə baxmayaraq, Porsche elektrik xəttinin inkişafından imtina etmək fikrində deyil. Bu onilliyin ortalarında şirkət Scalable Systems Platform (SSP) platformasında inşa olunmuş böyük krossoveri buraxmalıdır. Eyni platforma Panamera elektrokarının və Volkswagen brendinin flaqmanı olacaq Project Trinity layihəsinin əsasını təşkil edəcəkdir. Porsche markasının model xəttində Panamera elektrokarı Taycan sedanından bir pillə yuxarıda yerləşəcək və ondan nəzərəçarpacaq dərəcədə böyük olacaqdır.
Panamera EV modelinin yaradılması üzrə çalışmalara yenicə başlanılıb, ona görə də, elektrokarın üç ildən tez bazara çıxmayacağını söyləmək olar. Vahid universal SSP arxitekturasına keçidə 2026-cı ildə başlanılmalıdır. Bu platformanın bir neçə variantı mövcud olacaqdır: SSP n, SSP 1, SSP 2, SSP 3. Böyük ehtimalla, SSP platformasında inşa edilmiş elektromobilər yenilənmiş 800-voltluq sistemi və daha yüksək enerji sıxlığı da daxil olmaqla, daha yaxşı xarakteristikalara malik olan yeni nəsil batareyaları alacaqlar.
Eyni zamanda, Panamera ənənəvi yanacaq mühərriklərini də qoruyub saxlayacaqdır. Porsche şirkəti 2,9-litrlik V6 və 4,0-litrlik V8 aqreqatları mühərrik çeşidindən çıxarmayacaq, lakin bu mühərriklərin Euro 7 eko-standartına cavab verməsi üçün, onların hər ikisini 48-voltluq startyor-generator ilə təchiz edəcəkdir. E-Hybrid benzin-elektrik modifikasiyaları daha tutumlu batareyaları əldə edəcəklər ki, bu da elektrik ötürməsi ilə qət edilən məsafəni artırmalıdır. Hazırda bu göstərici WLTP dövrünə əsasən 50 - 56 kilometr arasındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.