Avtomobil aləminin başının fantastik filmlərdən gəlmiş nəqliyyat vasitəsinə bənzəyən Tesla Cybertruck pikapının müzakirəsinə qarışdığı bir vaxtda, Porsche şirkəti müasir elektromobillərin daha sadə görkəmə malik olduğunu xatırladıb. Alman istehsalçısı ilk elektromobili olan Porsche Taycan modelinin bir neçə şəklini özünün Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edib.
Porsche Taycan modellərinin şəkillərini kifayət qədər dərc etmişik, lakin yeni dərc edilmiş şəkillərdə Turbo S indeksinə və Carbon SportDesign dəstinə malik olan elektrokar təsvir edilib. Karbondan hazırlanmış kuzov dəstinin tərkibinə ön bamperdəki splitter, yan ətəklər və xüsusi arxa diffuzor daxildir. Bundan başqa, Taycan Turbo S modeli 21-düymlük Taycan Exclusive təkər diskləri ilə təchiz edilir. Anladığınız kimi, təkər disklərində də karbondan hazırlanmış “hava bıçaqları” da vardır.
Məncə pis alınmayıb. Hər halda bu yeniliklərin elektromobilin 200 min dollara yaxın olan qiymətini bir qədər də artıracaqdır. Öatırladaq ki, Porsche Taycan Turbo S notçbeki 625 (overbust rejimində 761) at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən güc qurğusuna malikdir. Taycan Turbo S 100 km/saat həddini 2,8 saniyəyə toplayır. Hər iki modelin maksimal sürəti 260 km/saat həddində məhdudlaşdırılıb.