Ştutqart prokurorluğu zərərli tullantıların məlumatları ilə manipulyasiyada şübhəli bilinən Porsche şirkəti barəsində apardığı araşdırmanı tamamlayıb. Məhkəmə avtoistehsalçını yarım milyard avro məbləğində cərimələmək haqqında qərar qəbul edib. Porsche şirkətinin rəqhbərliyi qərarla barışaraq appelyasiya verməyib.
Tədqiqat zamanı əldə edilmiş məlumata əsasən, 2009-cu ildən başlayaraqavtomobilləri zərərli tullantılar üzrə sınaqdan çıxaran departamentin rəhbərliyi bir neçə dəfə işinə səhlənkar yanaşmış və «nəzarət funksiyasını lazımi qaydada həyata keçirməyib». Bunun nəticəsində də həmin dövrdə buraxılan avtomobillər o zaman qüvvədə olan normalara uyğun gəlməyib.
Aşkar edilmiş pozuntulara görə cərimənin məbləği 535 milyon avro olub. Bu məbləğin dörd milyon avro səhlənkarlığa və 531 milyon avro əsassız maliyyə gəlirinin əldə edilməsinə görə hesablanıb. Şirkət artıq mümkün olan ödənişlərə görə ehtiyatı yaradıb. Bu xərclər 2019-cu ilin ikinci rübünün maliyyə hesabatında nəzərə alınacaqdır.