Porsche şirkəti növbəti nəsil Cayenne ofroderinin sınaqları haqqında məlumat verərək yeni avtomobilin təqdimat tarixini açıqlayıb. Sınaqlar zamanı 4,4 milyon kilometr qət etmiş ofroderin təqdimatı 29 avqust tarixində baş tutacaqdır.
Avtomobilin kütləvi nümayişi isə, sentyabr ayında qapılarını açacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. Yeni Porsche Cayenne modelinin prototipi dünyanın müxtəlif yerlərində - Alyaska, Ölüm vadisi (ABŞ), Dubay, İsveç, Finlandiya, Yeni Zelandiya, Yaponiya və CAR-da sınaqlardan keçirilib.
Bununla yanaşı, krossoverlərin şassisini Nardo, Hokkenhaymrinq və Nürburqrinqin "Şimal ilgəyi" kimi sürətli treklərdə tənzimləyiblər.
Sınaqlar zamanı havanın temperaturu Selsi üzrə mənfi 45-dən və müsbət 50 dərəcəyə qədər təşkil edib.
4,4 milyon kilometri ümumilikdə bütün prototiplər və seriyaöncəsi avtomobillər qət ediblər. Lakin, onların arasında müxtəlif yollarda 240 min kilometr qət etmiş avtomobillər də olub. Yeni Porsche Cayenne modelinin əsasını Bentley Bentayga və Audi Q7 modellərinin istehsalında istifadə edilən MLB Evo modul platforması təşkil edir.
İlkin məlumatlara görə, yeni krossover sələfindən xeyli yüngül olacaqdır. Onun mühərrik çeşidinə səkkiz silindrli mühərrikdən başqa altı silindrli benzin və dizel aqreqatları daxil olacaqdır. Porsche Cayenne Turbo modelinin 550 at qüvvəli mühərrikə sahib olacağı ehtimal olunur. Eyni zamanda, yeni krossover 700 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə də təklif olunacaqdır.