Porsche şirkəti zərərli tullantılar üzrə göstəricilərin saxtalaşdırılması ilə bağlı daxili araşdırma apardığını elan edib. Alman markasının nümayəndələri 2008-2013-cü illər arasında buraxılmış və benzin mühərrikləri ilə təchiz edilmiş avtomobillərin zərərli tullantıları barədə məlumatların təhrif olunduğunu etiraf ediblər. Bild am Sonntag nəşrinin bildirdiyinə görə, belə modellər arasında 911 və Panamera modelləri də vardır.
Porsche şirkətinin açıqlamasından belə çıxır ki, şirkət mütəmadi olaraq istehsal etdiyi nəqliyyat vasitələrinin texniki və normativlər cəhətdən nəzərdən keçirir. Belə daxili yoxlamaların nəticəsində avtomobil istehsalçısı “problemləri müəyyən edib” və Federal KBA (Kraftfahrt-Bundesamt) avtomobil idarəsinə, Ştutqart prokurorluğuna, həmçinin ABŞ hökumətinə məlumat verib. Sənəddə, buraxılış sisteminə və mühərrikin komponentlərinə təsir göstərəcək qurğu və proqram təminatında olan qanunsuz dəyişikliklərdən söhbət açılır.
Federal Avtomobil İdarəsi də bu məsələni araşdırır. Yoxlamalar zamanı idarənin mütəxəssisləri göstərilən müddət ərizndə göndərilmiş daxili elektron məktubları araşdıracaq və 2008-2013-cü illərdə şirkətdə işləmiş Porsche əməkdaşları ilə müsahibələr aparacaqdırlar.
Xatırladaq ki, Porsche şirkətini dizel mühərrikləri ilə bağlı saxtakarlıqda ifşa ediblər. Ötən ilin may ayında avtomobil istehsalçısına 535 milyon avro cəza kəsiblər ki, bu məbləğin 531 milyonu əsassız iqtisadi mənfəətin əldə edildiyinə, qalan dörd milyonu isə səhlənkarlığa yol verildiyinə görədir.
Bir il əvvəl, Porsche şirkətinin mühərriklərin yaradılması şöbəsinin rəhbəri Yorq Kerner emissiya məlumatlarını saxtalaşdırmaqda şübhəli bilinərək həbs edilmişdi. Tədqiqatlar və işləmələr şöbəsinin rəhbəri Maykl Ştayner isə, öz növbəsində, fırıldaqçılıqda və dizel mühərriklərinin yalançı reklamında ittiham olunmuşdu.