Bu yaxınlarda amerikan Jalopnik nəşrinin müxbiri məzəli bir hadisə ilə üzləşib. Porsche Taycan modelinin təqdimat mərasimində qəşəng kadr almaq məqsədi ilə müxbir təkər diskinin topundakı qapağı fırladaraq emblemi şaquli vəziyyətə gətirib. Lakin, alman markasının nümayindəsi dərhal yaxınlaşaraq qapağı geriyə fırladıb və bunun səbəbini də izah edib.
Sən demə, qapaqdakı emblemin durmasının belə xüsusi qaydası vardır. Şirkət nümayəndəsi qalxan şəklində olan firma embleminin iti ucunun boltlardan birinə (boltun qapaq altında gizlənməməsi halında) və nippelə (hava vurmaq üçün başlıq) doğru yönəldirməli və beləliklə düz xətt yaratmalı olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, bu qayda dünyəvi təqdimatlara, press-parkdakı avtomobillərə və hətta rəsmi dilerdə olmuş avtomobillərə də aiddir.
Porsche sahibləri, sonra demədi deməyin. Üzüsulu ikən qapaqlarınızı qaydaya salın.