Ştutqartda keçirilən elektromobillərə həsr olunan simpoziumda, Porsche şirkəti Cayman E-Volution adlı prototipi nümayiş etdirib. 800 voltluq enerji yükləmə sisteminə malik olan sportkar 100 km/saat həddinə 3,3 saniyəyə sürətlənir. Onun yürüş ehtiyatı 200 kilometrdir.
Seriya istehsalı nəzərdə tutlmayan elektrokar, gələcəkdə Porsche emblemini daşıyacaq elektromobillərin dinamik xüsusiyyətləri barədə təsəvvür yaratmaq üçün hazırlanıbdır. Söhbət 2020-ci ildə debüt edəcək alman markasının ilk elektrokarı olacaq Mission E konseptinin seriya variantından gedir. Porsche Cayman e-volution prototipində tətbiq olunan texnologiyaların müəyyən hissəsindən seriya avtomobilində istifadə edəcəkdir. Bu texnologiyalar arasında Porsche Engineering və enerji tutumlu batareyaların istehsalçısı olan ADS-TEC şirkətinin birgə hazırladığı 320 kilovatlıq Porsche Turbo Chargingenerji yüksək sürətli doldurma sistemi də vardır.
Eyni zamanda, 2020-ci ilə qədər Avropanın əsas yolları boyu ilk yeyin doldurma stansiyaları şəbəkəsinin inşa edilməsi başa çatdıracaqdır. Porsche ilə yanaşı bu layihənin sərmayədarları rolunda Audi, BMW, Daimler və Ford şirkətləri çıxış edəcəkdirlər. Porsche Mission E modelinin bir neçə modifikasiyada təklif ediləcəyi ehtimal olunur. Elektromobil ümumi gücü 600 at qüvvəsi olan iki elektromotorla hərəkətə gələcəkdir. Elektromobil 100 km/saat sürətini 3,5 saniyəyə toplayacaqdır. Mission E modelinin batareyalarının 80% doldurulması üçün 15 dəqiqə kifayət edəcəkdir.