Ümumdünya intellektual mülkiyyət təşkilatı (WIPO) Porsche şirkətinə açılan kreslodan istifadə etmək üçün patent verib. Adi vəziyyətdə bu kreslo ənənəvi sürücü oturacağından heç nə ilə fərqlənmir, açıq vəziyyətdə isə çarpayıya çevrilir. Bu texnologiya pedalların əvəzinə çıxan ayaq dəstəyini də nəzərdə tutur.
Böyük ehtimalla, bu növ oturacaqlar yüksək səviyyəyə malik olan pilotsuz nəqliyyat vasitələrində quraşdırılacaqdır. Belə sistem sürücünün yola nəzarət etməsini və əllərini daima sükan çarxında saxlamasını tələb etmir. Belə avtomobillərdə insan idarəetməni tamamilə avtonom sistemə etibar edərək, məsələn, mürgü vura bilər.
Patent təsvirlərindən göründüyü kimi, kreslo güclü yan dəstəyi olan bölməli konstruksiyaya malikdir. Oturacağın kürək hissəsi adi avtomobilin kreslosu ilə müqayisədə xeyli uzun olduğu üçün başlığa ehtiyac duyulmur. Şirkətin kreslo-çarpayıya patent alması bu texnologiyanın yaxın zamanda seriya avtomobillərində tətbiq ediləcəyinə dəlalət etmir.