Porsche şirkəti gələcək elektromobil xəttini ciddi şəkildə genişləndirmək fikrindədir. Bu xəttin ilk nümayəndəsi olacaq PorscheTaycan modelinin ardınca onun bazasında yaradılmış universal, sonra isə elektrik krossoveri və sportkarı buraxılacaqdır.
“Autocar” dərgisinə müsahibə verən Porsche şirkətinin maliyyə direktoru Luts Meske 2022-ci ildə alman istehsalçısının elektrik krossoverini, sonra isə Boxster və Cayman modellərinin elektrik modifikasiyalarını təklif edəcəyini bildirib. Bununla belə, Meske detalları açıqlamayıb.
Artıq qeyd etdiyimiz kimi, alman markasının ilk elektromobili olacaq Porsche Taycan sedanı 2019-cu ildə işıq üzü görməlidir. Elektrokrossoverə gəldikdə isə, bu model Porsche Mission E Cross Turismo konseptinin motivləri əsasında yaradılacaqdır. Krossoverdən sonra isə Porsche Taycan Targa modeli debüt etməlidir – adından göründüyü kimi, bu açıq kuzovlu avtomobil olacaqdır. Hazırda Targa tipli kuzov ilə yalnız Porsche 911 sportkarı təklif edilir.
Porsche 911 Carrera modelindən söz düşmüşkən, əfsanəvi sportkarın tamamilə elektrik mühərrikinə keçməsi hələlik nəzərdə tutulmayıb. Əvvəl də bəyan edildiyi kimi, 911 ailəsinin yeni nəsli hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Porsche mühəndislərinin fikrincə müasir texnologiyalar əfsanəvi sportkarı tam elektrikləşdirmək üçün o qədər də mükəmməl deyildirlər. Şəxsən mən bu fikir ilə tam razıyam…