Porsche Mission E konsepti artıq Taycan seriya sedanına çevrilib. Ancaq sedanla yanaşı, 2018-ci ilin yazında Cenevrə avtosalonunda təqdim olunan Porsche Mission E Cross Turismo elektrik universal da inşa edilmişdi. O zaman şirkət bir il sonra universalın seriya versiyasının istehsalına başlayacağını bildirsə də, sonradan modelin debütünü 2020-ci ilə təxirə salmağa qərar verib.
Lakin bu planın da reallaşması baş tutmayıb. Taycan Cross Turismo elektrik universalının seriya variantının debütü növbəti dəfə təxirə salınıb. Buna baxmayaraq, son bir ildə casuslar demək olar ki, kamuflyajının əksər hissəsini atmış prototiplərin şəkillərini çəkməyə müvəffəq olublar.
Bu dəfə şirkət özü universalın istehsal öncəsi versiyasının şəkillərini yayımlayıb və eyni zamanda seriya modelinin yeni debüti tarixini elan edib.
Porsche Taycan Cross Turismo elektrik universalının rəsmi təqdimatı yaxın səkkiz həftə ərzində baş tutmalıdır - yəni, seriya modeli martın sonu və ya aprel ayının əvvəlində göstərilməlidir (dəqiq tarixi hələlik açıqlanmayıb). Seriya universalı diler salonlarında yayda nümayiş etdiriləcəkdir – çox güman ki, söhbət universalların ənənəvi olaraq alıcılar arasında yüksək tələbata malik olduğu Avropa bazarlarından gedir.
Bununla birlikdə, Cross Turismo versiyasının baqaj həcminin, orijinal sedandan əhəmiyyətli dərəcədə tutumlu olması ehtimalı azdır. Məsələn, Porsche Panamera Sport Turismo universalının baqaj bölümü standart liftbekdən cəmi 20 litr (515 litrə qarşı 495 litr) daha tutumludur.