Porsche şirkəti Taycan elektrokarının baza versiyasını təqdim edib. Ən ucuz Taycan modeli arxada quraşdırılmış yeganə elektrik mühərriki ilə təchiz edilir. İlkin mərhələdə, elektrokarın baza modifikasiyası yalnız Çin bazarında təklif ediləcəkdir. Sonradan baza elektrokarı digər bazarlarda da təklif ediləcəkdir.
Porsche Taycan modelinin baza versiyası 408 at qüvvəli elektrik mühərriki və 79,2 kilovat-saatlıq batareya ilə təklif edilir. Elektromobil NEDC dövrünə əsasən 414 kilometr qət edə bilər. Bundan başqa, Çin bazarında 476 at qüvvəli mühərrik və 93.4 kilovat-saatlıq batareya ilə təchiz edilən daha güclü Porsche Taycan da təklif olunur. Belə elektrokarın yürüş ehtiyatı 489 kilometr təşkil edir. Porsche Taycan modelinin baza modifikasiyasının təchizatına iki pilləli reduktor və pnevmatik asqı da daxil edilib.
Alman istehsalçısı yalnız 476 at qüvvəli Taycan modelinin dinamik xüsusiyyətlərini açıqlayıb: elektrokar sıfırdan 100 km/saata 5,4 saniyəyə sürətlənir. Təkmühərrikli modifikasiyanın maksimal sürəti 230 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.
Təkmühərrikli Taycan modelinin digər versiyalardan üstünlüklərindən biri də daha tutumlu ön baqaj bölməsidir - bunun sayəsində elektrokarın ümumi baqaj həcmi 491 litrə çatır. Baza modelinin Çin bazarındakı satış qiymətləri 888 min yuandan (213 min manat) başlayır.