2015-ci ildə Porsche şirkəti Frankfurt avtosalonunda Mission E konseptini nümayiş etdirdiyi zaman, çoxları bu elektrokarın seriyaya gedəcəyindən şübhə etmirdi. Əsas məsələ zamanla yarışmaq idi. Budur, təqdimatdan düz dörd il keçdikdən sonra, Porsche markasından olan ilk elektrokarın debüt tarixi açıqlanıb - 4 sentyabr.
Üstəlik, Porsche Taycan elektromobilinin təqdimatı eyni vaxtda üç məkanda - Çin, Kanada və Almaniyada keçiriləcəkdir. Əlbəttə ki, alman istehsalçısı dünyanın digər ölkələrində yaşayan marka həvəskarları üçün onlayn təqdimat da təşkil edəcəkdir. Almanlar Taycan modelinin ilk «yüzlüyə» üç saniyədən az müddətə sürətlənəcəyini iddia edirlər. Elektromobil ikinci «yüzlüyü» isə 12 saniyəyə toplayacaqdır. Modelin maksimal sürətu 250 km/saatın üzərində olacaqdır.
Porsche Taycan xüsusi olaraq elektromobillər üçün hazırlanmış PPE (Premium Platform Electric) platformasında inşa edilib. Elektrokar standart olaraq 90 kilovattıq batareya ilə təklif ediləcəkdir. Belə batareya ilə təchiz edilmiş elektrokar 500 km yürüş etmək iqtidarındadır. 800 voltluq elektrik yükləmə qurğusundan batareyanı doldurmağa 15 dəqiqə tələb olunur.