Yenilənmiş Porsche Taycan elektromobilinin ən ekstremal versiyası haqqında məlumat yanvar ayında peyda olub. O zaman, adı açıqlanmayan prototip Nürburqrinqdəki treki 7 dəqiqə 7,55 saniyəyə keçərək, Tesla Model S Plaid (7:25.23) modelinin rekordunu üstələyib. İndi isə, rekordsmen rəsmi olaraq təqdim edilib. Tanış olun - “Şimal İlgəyinin” ən yeyin sedanı Porsche Taycan Turbo GT.

GT modifikasiyası zahiri cəhətdən digər Taycan sedanlarından arxada yığıla bilən karbonplastikdən spoyleri olan inkişaf etmiş aerodinamik kuzov dəsti ilə fərqlənir. Bu materialdan yan güzgülərin korpuslarını, kandarları və hətta mərkəzi dayaqları da bəzəmək üçün istifadə olunur.

Ekstremal Taycan üçün iki eksklüziv kuzov rəngi hazırlanıb - açıq mavi və dolğun bənövşəyi metalliklər. Bununla belə, daha vacib olan Pirelli P Zero Trofeo R şinləri taxılmış 21-düymlük yüngül döymə təkər disklərinin quraşdırılmasıdır. Karbon-keramik əyləclər artıq standart avadanlığa daxildir.

Turbo GT versiyasının əsas texniki xüsusiyyəti Turbo S versiyasının 600 amper əvəzinə 900 amper cərəyan üçün nəzərdə tutulmuş daha güclü və səmərəli inventoru olan yeni elektrik mühərrikidir. Bu, ikimühərrikli sistemin (hər oxda biri)  hasilatı artırmağa imkan verib.

Standart rejimdə güc qurğusu 789 at qüvvəsi hasil edir, lonç-kontrol işə salındıqda isə, hasilat 1033 at qüvvəsinə qədər artır. Üstəlik, iki saniyə ərzində pik güc 1108 at qüvvəsinə çata bilər. Maksimal fırlanma anı da heyranedici 1340 Nm-ə çatır. İndi Taycan Turbo GT alman markasının ən güclü avtomobili adını daşıyan yol avtomobilidir.

Ancaq bu, uğurun komponentlərindən yalnız biridir. Porsche Active Ride pnevmatik asqısı yenidən sazlanıb, aerodinamikanı yaxşılaşdırmaq üçün avtomobilin alt hissəsində əlavə elementlər peyda olub, karbonplastikdən geniş istifadə sayəsində avtomobilin çəkisi 75 kiloqram (Turbo S versiyası ilə müqayisədə) azalaraq, 2290 kiloqqrama çatıb.

Əlavə 70 kiloqram çəki atmağa opsional, lakin pulsuz Weissach Paketi imkan verəcək: arxa oturacaqlar, döşəmə örtüyü və səs izolyasiyasının bir hissəsindən imtina edilir. Üstəlik, bu dəstə sadələşdirilmiş audio sistemi və 220 kiloqrama qədər yerəbasma qüvvəsi yaradan sabit antiqanad daxildir. İdarəetmə elektronikası ən ekstremal Attack Mode rejimini əldə edib.

Standart Porsche Taycan Turbo GT sedanı 100 km/saat həddini 2,3 saniyəyə, Weissach paketi ilə isə, 2,2 saniyəyə yığa bilir. Xatırladaq ki, Tesla Model S Plaid (1020 at qüvvəsi) bu işə 2,1 saniyə sərf edir. Ekstremal Taycan elektrokarı 200 km/saat həddini müvafiq olaraq 6,6 və 6,4 saniyəyə yığır, onun maksimal sürəti isə, 290 və 305 km/saatdır (Tesla - 322 km/saat).

Taycan Turbo GT yarış treklərinin əsl qənimidir - əlbəttə ki, elektromobil standartlarına görə. Artıq qeyd olunan Nürburqrinqə əlavə olaraq, keçən fevralda Porsche elektrokarı məşhur Laguna Seca trekinin batareyalı avtomobillər üçün dövrə rekordunu qırıb: 1:27,87. Mülki rejimdə isə, 105 kilovat/saatlıq standart batareyanın tutumu 555 kilometrlik (WLTP) yürüş məsafəsi üçün kifayət etməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ekstremal Porsche Taycan Turbo GT modelin sifarişlər artıq qəbul olunur, lakin, qeyd etmək gərəkdir ki, Almaniyada onun qiyməti ən azı 240 min avrodur. Bu, bir tərəfdən bu, Turbo S üçün istənləndən cəmi 30 min avro  çoxdur, digər tərəfdən isə, Tesla Model S Plaid Almaniyada cəmi-cümlətanı 110 min avroya başa gəlir..

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.