Porsche Taycan Turbo S modeli Nürburqrinqin seriya elektromobilləri üçün yeni rekordunu qeydə alıb. Taycan ailəsinin ən güclü üzvü amerikalı rəqibi Tesla Model S Plaid modelindən daha sürətli olub və bu işdə ona aktiv PDCC stabilizatorları və performance kit paketi köməklik göstəriblər. Sonuncuya yarış rezinindən hazırlanmış Pirelli P Zero Corsa şinləri, həmçinin şassinin ayrı-ayrı komponentlərinin işini təhlil edən və sinxronlaşdıran 4D Chassis Control sistemi üçün yeni proqram təminatı daxildir.
Electric (production) car (seriya elektromobilləri) kateqoriyasında Nürburqrinqin rekordu (20,832 kilometrlik versiyada) artıq Porsche Taycan Turbo S sedanına məxsusdur. Alman markasının test-pilotu Lars Kern treki 7 dəqiqə 33,35 saniyə zamanı ilə qət edərək, Tesla Model S Plaid modelindən iki saniyə yeyin olub.
Maraqlıdır ki, Taycan Turbo S modeli (761 at qüvvəsi) güc baxımından Tesla Model S Plaid (1020 at qüvvəsi) elektrokarından nəzərəçarpacaq dərəcədə geridədir, lakin onun digər güclü tərəfləri var. Məsələn, yalnız Almaniyada 2023-cü model ilindən olan elektrokarlar üçün sifariş edilə bilən performance kit dəsti və PDCC aktiv stabilizatorları.
Performance kit dəstinə 21-düymlük RS Spyder diskləri, Pirelli P Zero Corsa şinləri və onlar üçün 4D Chassis Control sisteminin optimallaşdırılmış proqram təminatı daxildir ki, bu da şassinin fərdi komponentlərinin işini sinxronlaşdırır. Bütün bunlar elektromobili daha kəskin və idarəetmədə daha dəqiq edir.
Bundan əlavə, Taycan Turbo S modeli belə gedişlər üçün məcburi olan təhlükəsizlik qəfəsi və yarış oturacaqları ilə təchiz edilib. İstehsalçının bildirdiyinə görə, hətta onlarla birlikdə avtomobilin kütləsi seriya nüsxəsi ilə eyni olub.
Taycan Turbo S indi rəsmi olaraq ən sürətli elektrik avtomobili olsa da, elektromobillər üçün Nürburqrinqin mütləq rekordu əvvəlki kimi, 680 at qüvvəli Volkswagen ID.R idman prototipinə məxsusdur. O, 2019-cu ildə 20,8 kilometrlik treki 6 dəqiqə 05,336 saniyə zamanı ilə qət edərək, Nio EP9 superkarının göstəricisini 40,564 saniyə yaxşılaşdırıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.