Porsche şirkətinin öyünmək üçün növbəti səbəbi var: Taycan modeli Amerikanın bir ucundan o biri ucuna qədər yürüş zamanı, batareyanın doldurulması sürətinə üzrə rekorda imza atıb.
Bəs bu rekordun mahiyyəti nədən ibarətdir? İş ondadır ki, elektrokar ABŞ-ın şərqindən qərbinə yollanan zaman, batareyanın doldurulmasına cəmi 2,5 saat vaxt sərf edib. Rekord artıq Guinness World Records tərəfindən təsdiq olunub və əvvəlki rekordun yeni Kia EV6 modeli tərəfindən qeydə alınmış 7 saat 10 dəqiqə 1 saniyə olduğu bildirilib.
Daha dəqiq olsaq, Porsche elektrokarı yükləmə stansiyalarında 2 saat 26 dəqiqə 48 saniyə vaxt keçirib. Bu, Nyu York bələdiyyəsindən Los Anceles bələdiyyəsinə qədər olan 4562 kilometrlik məsafəni qət etməyə kifayət edib. Elektrokarı Ueyn Gerdes idarə edib.
“Bu günə qədər istifadə etdiyim müxtəlif elektrokarların batareyasının doldurulmasını müqayisə etsək, Taycan modelinin standartları yuxarı həddə qaldırdığını söyləməliyəm. İlk dəfə, 350 kilovatlıq terminalda batareyanın 6 faizindən 82 faizinə qədər doldurulmasına 22 dəqiqə vaxt sərf etdim”, - Gerders bildirib.
Ueyn səyahətin marşrutunu Plug Share və Electrify Amerika tətbiqlərindən istifadə edərək hazırlayıb. O, əlavə Performance Battery Plus (batareya 93,4 kilovat-saatlıq tutuma malikdir) opsiyası, Premium paketi, adaptiv kruiz kontrol və Porsche Electric Sport Sound sistemi ilə təchiz edilmiş standart Taycan modeli ilə səyahətə yollanıb.
Rekord cəhdinin qeydə alınması üçün Ueyn hər bir dayanmanı diqqətli şəkildə qeydə almalı olub: prosesə müstəqil müşahidəçilər nəzarət ediblər. Hər bir keçilən mil videoya çəkilib, GPS ilə izlənib, hakimlər kollegiyası tərəfindən baxılıb və hesablanıb, sonra isə cəhd qeydə alınıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.