Le Man bolidlərini mülki istismar üçün uyğunlaşdırmaq cəhdləri müxtəlif şirkətlər tərəfindən həsəd aparılacaq müntəzəmliklə həyata keçirilir, lakin əksər hallarda söhbət avtomobilin genişmiqyaslı yenidən inşa edilməsindən gedir və o tamamilə fərqli aqreqatı alır. Məsələn, bu yaxınlarda təqdim olunmuş SCG 007S hiperkarı belə üsulla inşa edilib. Bununla belə, bu günlərdə təqdim olunan Porsche 963 RSP sadəcə yarış şassisi üzərində inşa olunmayıb, o əslində ictimai yollar üçün uyğunlaşdırılmış əsl Le Man prototipidir!

Porsche şirkəti ilk dəfə deyil ki, yarış marafonları üçün inşa edilmiş bolidi şərti mülki avtomobilə çevirir. Hələ 1975-ci ildə Porsche 917 idman prototipi oxşar dəyişikliyə məruz qalıb: avtomobili avtoidman həvəskarı və Martini & Rossi içki şirkətinin həmtəsisçisi qraf Rossi sifariş etmişdi. Məhz mülki Porsche 917 yeni Porsche 963 RSP üçün nümunə kimi çıxış edib, buna görə də şirkət fotosessiyasında iki avtomobil birlikdə çəkilib. Doğrudur, bu dəfə sifarişçi fərqlidir - o, Porsche şirkətinin çoxdankı partnyoru və Penske Motorsport komandasının sahibi Rocer Sirlu Penskedir. Unikal avtomobilin adındakı RSP prefiksi məhz onun inisiallarıdır.

Porsche 963 RSP hiperkarının inşası Porsche şirkətinin Şimali Amerika bölməsi tərəfindən Penske Motorsport ilə birlikdə həyata keçirilib və avtomobil artıq istifadə olunmuş yarış avtomobilinin əsasında deyil, sıfırdan hazırlanıb. Kuzov qaydaların tələb etdiyi açıq elementlər əvəzinə qapalı ön qanadlara sahib olub. İşıqlandırma texnikası dəyişdirilib, öndə və arxada dövlət nömrə nişanları üçün yerlər peyda olub.

Fransada alınmış müvəqqəti dövlət nömrə nişanları Porsche 963 RSP modelinə Le Man trekinə bitişik yollara və magistrallara çıxmağa imkan verir. Yarış avtomobillərində vinil plyonka ilə örtülmüş rənglənməmiş karbonplastikdən kuzov vardırsa, Porsche 963 RSP modelinin xarici kuzov panelləri minanın daha yaxşı yapışması üçün diqqətlə cilalanıblar. Avtomobil qraf Rossinin Porsche 917 modeli kimi Martini Silver rənginə boyanıb. 18 düymlük OZ disklərinə yağış spesifikasiyasında olan Michelin yarış şinləri taxılıb.

Porsche 963 sportprototipinin kokpiti qorunub saxlanılıb, lakin yol versiyasında dəri və alkantaradan üzlüklər peyda olub. Salonun rəngi Porsche 917 modelinin interyeri ilə eynidir. Hətta yarış sükanında da dəri örtüklü tutacaqlar var. Mülki rahatlığın əlavə elementi isə, 3D printerdə çap olunmuş çıxarıla bilən fincan tutacağıdır. Nəhayət, Porsche 963 RSP dönmə siqnalları və klakson ilə təchiz olunub.
Yarış güc aqreqatı qorunub saxlanılıb. Bu, 800 voltluq Bosch elektrik mühərriki (68 at qüvvəsi) və yeddi pilləli ardıcıl XTrac transmissiyası olan 4,6-litrlik V8 biturbo mühərrikdir (680 at qüvvəsi). Əlbəttə ki, mühərrik mülki istifadə üçün yenidən sazlanıb. Hibrid sistem ümumilikdə, xüsusilə də aşağı sürətlərdə daha yumşaq reaksiyalar üçün köklənib. Yeri gəlmişkən, bu səkkizsilindrli yarış mühərriki Porsche 918 Spyder superkarının mühərriki ilə 80% uyğundur. Orijinal yarış bolidinin tənzimlənən asqısı mümkün qədər yuxarı qaldırılıb, amortizatorlar isə, yumşaldılıb.
Avtomobil artıq tam hazırdır, lakin Rocer Penske ona tezliklə qovuşa bilməyəcək. Əvvəlcə Porsche 963 RSP Le Mandakı təntənəli təqdimata, daha sonra Porsche Muzeyindəki xüsusi sərgiyə yollanacaq, daha sonra Qudvuddakı Sürət Festivalında, onun ardınca isə, Kaliforniyadakı Monterey avtomobil həftəsində iştirak edəcək Beləliklə, Penske onu yalnız payızda alacaq. Əlbəttə ki, mülki 963 hiperkarının kiçik seriyalı buraxılışdan söhbət gedə bilməz.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.