Porsche şirkəti Kaliforniyada keçirilən The Quali avtomobil festivalında 993 seriyasından olan unikal 911 Speedster modelini nümayiş etdirib. Qeyd etmək lazımdır ki, sportkarın dördüncü nəslinin rəsmi Speedster versiyası olmayıb, lakin alman istehsalçısı italyan arxitektoru və sənaye dizayneri Luka Trazzinin xahişi ilə belə bir avtomobili inşa edib.
İnşasına üç il sərf edilən və yeganə nüsxədə olan sportkarın kolleksiyaçıya neçəyə başa gəldiyi açıqlanmır. Yeganə bilinən isə, bunun çoxillik Porsche Sonderwunsch fərdiləşdirmə proqramı çərçivəsində həyata keçirilmiş ilk belə layihə olmasıdır.
Layihənin əsası kimi, 1994-cü ilin Porsche 911 Carrera kabrioleti götürülüb. Avtomobilin kuzovu - xüsusi ilə də hava sipərləri olan arxa hissəsi - faktiki olaraq sıfırdan hazırlanıb. Ön splitter, “ətəklər” və arxa yan panellər eyni nəsildən olan 911 Turbo modelinin üslubundan hazırlanıb, işıq texnikası da yenidən işlənib.
Əllə vurulmuş lak-boya qatı da unikaldır: o, Trazzinin köpəyi Ottonun şərəfinə Otto Yellow adlandırılıb. Əsas sarı rəng qara rəngli güzgü korpusları, 18-düymlük təkər diskləri, qapı tutacaqları arxa təkərlərin önündəki müdafiə örtükləri ilə təzad təşkil edir.
Spidsterin şassisi, 300 at qüvvəli 3,8-litrlik oppozit mühərriki, sükan mexanizmi və əyləc sistemi 993 seriyasından olan Porsche 911 Carrera RS modelindən götürülüb. Salonun tərtibatında da qara-sarı rəng sxemindən istifadə olunub. Oturacaqların başlığına sapla “Speedster” sözləri tikilib, onların kürək hissəsinin mərkəzi isə damalı naxışla bəzədilib.
İşıqlandırılan kandar lövhələri də daxil olmaqla detalların bir hissəsi karbonplastikdən hazırlanıb. Bundan başqa, modelin təchizatına vintaj modellər üçün xüsusi olaraq hazırlanmış Porsche Classic Communication Managment (Apple Car Play dəstəyi ilə) mediasistemi əlavə edilib.
Qeyd etmək gərəkdir ki, bu günə qədər 993 seriyasından olan iki zavod spidsteri buraxılıb. Onlardan biri 1995-ci ildə (bu seriyanın konveyerdə olduğu vaxt), şirkətin banisi Ferdinand Porşenin nəvəsi Ferdinand Aleksandr Porşenin 60-illik yubileyinə hədiyyə olaraq hazırlanıb. Güman edirəm ki, Ferdinand Aleksandrın 911 sportkarının yaradıcı olduğunu xatırlatmaq yersizdir.
İkinci spidster isə, 2001-ci ildə, Porsche kolleksiyaçıları arasında da yaxşı tanınan amerikalı komediyaçı Cerri Saynfeldin sifarişi ilə, 1998-ci ildə buraxılmış sonuncu kabrioletlərdən birinin əsasında inşa edilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.