Avtomobil idmanı ilə maraqlanan hər kəs Audi şirkətinin dünya dözümlülük çempionatını (WEC) tərk etmək barədə qəbul etdiyi qərardan xəbərdardır. 18 illik iştirakdan sonra alman istehsalçısı çempionatı tərk etmək qərarına gəlmişdir.
Bu illər ərzində Audi komandası dözümlülük çempionatında böyük uğurlara imza atmışdır. WEC çempionatına 1999-cu ildə qoşulan İnqolştat təmsilçisi 2000-ci ildən başlayaraq çempionatda böyük üstünlük əldə etmişdir. Audi komandası “Le Manın 24 saatı” yarışlarında üç il ardıcıl olaraq qələbə çalmışdır.
Audi komandasının üstünlüyünə iki dəfə - 2003-cü ildə Bentley və 2009-cu ildə Peugeot komandaları son versələr də, 2010-cu ildən 2014-cü ilə kimi alman komandası yenidən üstünlüyü ələ almışdır. 2014-cü ildə Porsche komandasının çempionata qayıdışını qeyd edən İnqolştat istehsalçısı xüsusi videoçarx nümayiş etdirmişdi.
Bu çarxda Audi sportprototipi Porsche şirkətinin Ştutqartdakı mənzil-qərargahı qarşısındakı asfaltda “Welcome back” (“Geriyə xoş gəldiniz”) sözlərini həkk etmişdi.
Öz növbəsində, bu günlərdə Porsche şirkəti Audi komandasının çempionatı tərk etməsinə həsr edilmiş videoçarx hazırlamışdır. Çarxda ilk klipin qəhrəmanlarından olan Porsche traktorunun sahibi radioda Audi komandasının çempionatı tərk etdiyi xəbərini eşidir və geri qayıdaraq Ştutqarta üz tutur.
Çarxın sonunda asfaltda “Come back” (“Geri qayıt”) sözlərinin qaldığı görünür.