Porsche şirkəti firma Porsche Communication Management (PCM) mediasisteminin altıncı nəslini təqdim edib. Yeni versiya bu yay Porsche 911, Panamera və Cayenne modellərində, bir qədər sonra isə Taycan elektromobilində quraşdırılacaqdır.
Bu avtomobillərin interyeri dəyişməyəcək, hətta displeylərin ölçüləri də eyni qalacaqdır, lakin cihazlar Volkswagen konserninin MIB 3 sistemi ilə unifikasiya edilmiş yeni aparat təminatını əldə edəcəkdirlər. Ancaq əsas yenilik Porsche Digital tərəfindən hazırlanmış yeni proqram təminatıdır.
PCM 6.0 sistemi “hava üzərindən” yeniləməni dəstəkləyir. Səslə idarəetmə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb: multimedia artıq "sərbəst danışığı" tanıyır, səs köməkçisini isə "Hey Porsche" ifadəsi ilə aktivləşdirmək olar.
Menyunun quruluşu daha az dərinləşib, mobil cihazlardan tanış olan "drag-and-stop" funksiyası peyda olub ki, bu da nişan və faylları sürətlə köçürməyə imkan verir.
Apple CarPlay interfeysi artıq simsiz işləyir, Apple Music və podkastlara birbaşa giriş əlavə olunub. Nəhayət, Porsche şirkəti də Android Auto tətbiqini inteqrasiya etmək qərarına gəlib: əvvəllər bu tətbiqdən imic səbəbi ilə istifadə edilmirdi, lakin görünən odur ki, Android əsaslı smartfon sahiblərinin tələb və şikayətlərinin sayı kritik həddə çatıb.
Bundan əlavə, PCM 6.0 sistemini Porsche Connect tətbiqi vasitəsi ilə smartfona məsafədən qoşmaq olar: bu təkcə avtomobil parametrlərini izləməyə imkan vermir, həmçinin avtoparkçıya girişi təmin edir.
Yeni mediasistem ilə birlikdə, əvvəllər yalnız 911 və 718 idman avtomobillərində istifadə olunan Porsche Track Precision tətbiqi standart avadanlığa çevrilir. Artıq bu tətbiq PCM 6.0 qurğusu olan bütün modellərdə quraşdırılacaqdır.
Əslində bu, yarış treklərində aktivləşdirilən (məlumat bazasında 300 trek haqqında məlumat var) və keçilən dövrənin telemetriyasını əks etdirən “rəqəmsal təlimatçıdır”. “Təlimatçı” real vaxt rejimində keçilmiş dövrənin nəticəsini, əvvəlki dövrələrin və ya nümunəvi dövrənin nəticələri ilə müqayisə etməyə imkan verir.
Əldə edilmiş nəticələr smartfona köçürülə və videoqeyd ilə sinxronizasiya edilə bilər.
Elektromobillər üçün (bu yalnız mövcud Taycan deyil, həm də gələcək Macan elektrokarıdır) şirkət özünəməxsus sə müşayətini hazırlayır. PCM 6.0 üçün nəzərdə tutulmuş Soundtrack My Life tətbiqi səs müşayətini yükləməyə və konfiqurasiya etməyə imkan verəcəkdir.
Bu yalnız mühərrikin səsinin bir növ təqlidi deyil, həm də fərqli səyahətlər üçün uyğun olan xüsusi musiqilərdir. Səs müşayətinin üzərində işləmək üçün alman bəstəkar Boris Salxov dəvət edilib, lakin son versiyası Porsche daha sonra təqdim edəcəkdir.
Hazırda BMW bəstəkar Hans Zimmerin köməyi ilə eyni layihə üzərində işləyir. (c) Autograph.az