Hər il Vyanada keçirilən simpoziumda Porsche şirkəti yeni iki turboüfürməli səkkizsilindirli mühərriki təqdim etmişdir. Bu turbomühərrik köhnə 4,8-litrlik mühərriki əvəz etməlidir. Hələlik alman şirkəti yeni mühərrikin iş həcmini açıqlamasa da, onun bir sıra texniki xarakteristikalarını açıqlamışdır. Məlum olmuşdur ki, yanacağa qənaət etmək məqsədi ilə mühərrik böyük gücə ehtiyac olmadığı halda silindirlərin bir hissəsinin söndürülməsi funksiyası və Start-Stop sistemi ilə təchiz edilmişdir. Bu mühərriki həm MLB platformasında istehsal edilən öndən çəkişli, həm də MSB platformaslında buraxılan klassik ötühməyə malik olan avtomobillərdə quraşdırmaq mümkün olacaqdır.
Bundan əlavə, yeni biturbo mühərriki avtomobillərin hibrid güc aqreqatının tərkibinə də daxil etmək olar. Yeni mühərrik güclü olduğu qədər də qənaətcil olacaqdır. Alman şirkətindən bildirildiyinə görə yeni güc aqreqatnı ZF firmasının istehsalı olan avtomatik və robotlaşdırılmış sürətlər qutusu ilə də birləşdirmək mümkün olacaqdır. Yeni mühərriki ilk dəfə «əyninə geyəcək» avtomobillər Porsche Panamera Turbo hetçbeki və Porsche Cayenne Turbo krossoveri olacaqdır ki, yenilənmədən sonra bu modellər 550 at qüvvəsinə və 770 Nm fırlanma anına malik olmalıdırlar.
Gələcəkdə bu mühərrikin Volkswagen Qrupunun tərkibinə daxil olan Audi, Lamborghini və Bentley şirkətlərinin modellərində də quraşdırılacağı ehtimal olunur.