Porsche Macan elektrik krossoverinin təqdimatına bir neçə gün qalmış, alman istehsalçısı onun dizayner eskizlərini dərc edib. Style Porsche bölməsinin vitse-prezidenti Maykl Mauer komandasının avtomobil üzərində işləyərkən üzləşdiyi çətinliklərdən danışıb. Mauerin sözlərinə görə, əsas problem bənzərlik və yenilik arasında balansı tapmaq olub.
Macan EV artıq özünü təsdiqləmiş obraza əsaslandığı üçün, onu vizual olaraq oxşar və eyni zamanda, innovativ hala gətirmək yollarını axtarmaq gərək olub. Porsche düşünmədən yeni tendensiyaları izləməkdən imtina edib, lakin dünyanın müxtəlif ölkələrindəki müştərilərin tələblərini nəzərə alıb. Xüsusilə, bu, displeylərin sayı və parlaq görünüşü idarəetmə xüsusiyyətlərindən daha vacib sayan Asiya ölkələrinə aiddir.
Texniki baxımdan Macan elektrokarı Taycan sedanına yaxın olacaq. Onun 100 kilovat-saatlıq 800 voltluq batareyası 500 kilometrə qədər yürüş məsafəsini təmin eyməlidir. Krossoverin top versiyasının ikimühərrikli güc qurğusu 612 at qüvvəsi (450 kilovat) və 1000 Nm-dən çox fırlanma anı hasil edəcək.
Versiyadan asılı olaraq, Macan EV krossoveri lonç-kontrolu olan Porsche Traction Management dartmaya nəzarət sistemini, iki klapanlı adaptiv amortizatorları, pnevmodayaqları, dartma vektoruna nəzarət sistemini və modelin tarixində ilk dəfə olaraq, idarələnən arxa təkərləri alacaq. Yeni model üçün aktiv aerodinamika kompleksi və sələfi (0,35) ilə müqayisədə aşağı aerodinamik müqavimət əmsalı (0,25) vəd edilir.
Macan krossoverinin ön panelində üç displey olacaq: rəqəmsal cihazlar paneli (12,6 düym), əsas taçskrin və ön sərnişin üçün opsional ekran (hər ikisi də 10,9 düym). Sonuncu əsasən səyahət zamanı vaxt keçirmək üçün nəzərdə tutulub. Məsələn, orada YouTube kanalındakı videoları izləmək olar, üstəlik, musiqi axını (Spotify), video konfrans (WebEx), xəritələr və sadə oyunlar üçün tətbiqlər mövcuddur.
Lakin krossoverdəki əsas yenilik - artırılmış reallığa malik olan proyeksiya displeyidir. O, avtomobildən doqquz metr aralıda proyeksiyanı yaradır və 87-düymlük ekrana ekvivalent olan sahəni tutur. Porsche nümayəndələrinin fikrincə, o, bazardakı ən böyük proyeksiya ekranlarından biridir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.