Budur, benzin mühərrikli əsas sportkarlardan biri də elektrikləşdirmədən öz nəsibini alıb. Əlbəttə ki, söhbət elektrik mühərrikinə tam keçiddən getmir (və hətta uzunmüddətli perspektivdə), lakin artıq məşhur Porsche 911 sportkarı da hibrid versiyaya sahib olub. Bu, 911 modelinin elektrik üstqurumu olan ilk yol versiyasıdır, çünki Porsche yarış avtomobillərinin elektrikləşdirilməsi ilə bağlı təcrübələrə çoxdan başlayıb, üstəlik, tüninq atelyeləri də belə avtomobillərin yaradılmasına cəhdlər ediblər.
Elektrikləşdirməyə məruz qalan ilk versiya Porsche 911 Carrera GTS versiyasıdır. Bunda incə bir işarə var, çünki alman istehsalçısı ənənəvi olaraq öz modellərinin ən sürücü yönümlü versiyalarına GTS prefiksini verir. Almanlar hibrid versiyasının ənənəvi 911 modellərindən heç də geri qalmayacağını bildirirlər. Tərtibatçılar güc qurğusunu boş yerə Performance Hybrid termini ilə adlandırmayıblar - yəni o yalnız yanacağa qənaət üçün deyil, həm də möhtəşəm güc xüsusiyyətləri üçün nəzərdə tutulub. Bununla belə, bu sistem T-Hybrid adlanır.
Onun tərkibinə silindrin diametri 91-dən 97 millimetrə və porşenin gedişi 76,4-dən 81 millimetrə artırılmış 3,0-litrlik mühərrikin əsasında hazırlanmış 3,6-litrlik yeni altısilindrli oppozit mühərriki daxildir. İki turbokompressorun əvəzinə elektrik ötürməsi olan bir turbokompressor quraşdırılıb. Mercedes-Benz artıq yol avtomobillərində bu sxemdən bütün gücü ilə istifadə edir: 11 kilovat gücə malik olan yığcam elektrik mühərriki turbin və kompressor təkərlərinin arasındakı vala quraşdırılıb. O, elektronikanın əmri ilə dərhal işə düşür və işlənmiş qazlar axınının turbini fırlatmazdan əvvəl kompressor çarxını sürətləndirir. Qaz pedalı buraxıldıqda isə, mühərrik batareyanı doldurmaq üçün generator rejiminə keçir. Benzin mühərrikinin hasilatı 485 at qüvvəsi və 570 Nm fırlanma anıdır.
Bundan əlavə, hibrid səkkiz pilləli PDK “robotuna” quraşdırılmış tamölçülü dartma elektrik mühərrikinə (54 at qüvvəsi, 150 Nm) malikdir. Bütün bu elementləri (invertorlar, idarəetmə blokları və sairə) 911 modelinin mühərrik bölməsində yerləşdirmək üçün mühəndislər kondisioner kompressorunun kəmər ötürməsindən imtina edərək, onu kompakt elektrik mühərriki ilə əvəz etməli olublar. Nəticədə, güc qurğusunun ümumi hasilatı 541 at qüvvəsi və 610 Nm təşkil edir. Xatırladaq ki, 911 GTS modelinin əvvəlki sırf benzin versiyası 480 at qüvvəsi və 570 Nm fırlanma anına malik idi.
Ağırlığın oxlar arasında paylanmasını optimallaşdırmaq üçün ön baqajda cəmi 1,9 kilovat/saatlıq dartma batareyası yerləşdirilib. O, 400 voltluq iş gərginliyinə malikdir, ölçüsü və çəkisinə görə adi avtomobil akkumulyatoru ilə müqayisə edilə bilər. Eyni zamanda, hibrid 12 voltluq batareyanı da saxlayıb, lakin bu qurğuşun-turşu deyil, kompakt litium-ion batareyasıdır: o arxa pəncərənin yaxınlığındakı rəfin altında yerləşir. Nəticədə tərtibatçılar hibrid Porsche 911 Carrera GTS modelinin sələfindən cəmi 50 kiloqram ağır olduğunu iddia edirlər.
Hibridlər həm arxa, həm də tam ötürmə ilə təklif olunurlar. Kupe, kabriolet və ya Targa kuzovunu seçmək mümkündür (sonuncu versiya yalnız tam ötürmə ilə gəlir). Standart təchizata tam idarə olunan şassi, PASM adaptiv asqısı və PDCC aktiv dayanıqlılıq stabilizatorları daxildir ki, sonuncular hibrid sistemin 400 voltluq elektrik şəbəkəsinə daxildir. Standart olaraq öndə 245/35 ZR 20, arxada isə, 315/30 ZR 21 ölçülü şinlər quraşdırılıb. Arxa ötürməli GTS kupesi 100 km/saat həddini sələfindən 0,4 saniyə yeyin - 3,0 saniyəyə toplayır ki, bu da Turbo versiyasının (580 at qüvvəsi, 750 Nm) göstəricisindən cəmi 0,2 saniyə çoxdur. Maksimal sürət - 312 km/saatdır.
2018-ci ildən istehsal edilən 992 seriyasından olan Porsche 911 ailəsinin planlaşdırılmış yenilənməsi də hibridin debütü ilə üst-üstə düşüb. Lakin sırf benzin versiyalarından yalnız arxa ötürməli baza Porsche 911 Carrera modelinin üzərindəki sirr pərdəsi götürülüb. 3,0-litrlik biturbo mühərrik modifikasiya edilib: o, əvvəlki GTS modifikasiyasından götürülmüş daha səmərəli turbokompressorları və Turbo versiyasının interkulerini alıb. Mühərrikin gücü 385-dən 394 at qüvvəsinə qədər artıb, lakin fırlanma anı dəyişməyib - 450 Nm. Səkkiz pilləli PDK “robotu” dəyişməyib. Bununla belə, belə təvazökar təkmilləşdirmə 100 km/saata sürətlənmə vaxtını saniyənin onda biri qədər azaltmağa imkan verib: standart kupe bu işə 4,1, Sport Chrono paketi olan avtomobil isə 3,9 saniyə sərf edir. Maksimal sürət isə 293-dən 294 km/saata yüksəlib.
Yenilənmə təkcə texniki təkmilləşdirmələr gətirməyib. 911 modelləri yeni bamperlər alıb, GTS hibridləri üçün isə, ön hava girişlərində aktiv şaquli qapaqları olan eksklüziv dizayn hazırlanıb. Onlar yalnız zəruri hallarda elektronika tərəfindən açılırlar, bağlandıqda isə, aerodinamikanı yaxşılaşdırırlar: restaylinqdən sonra Cx əmsalı 0,32-dən 0,285-ə endirilib. Karbon örtmələri olan xüsusi təkər disklərini sifariş etməklə bu əmsalız 0,27-yə endirmək mümkündür.
Ön bamperdən bütün "ikinci dərəcəli" optikalar yoxa çıxıblar: dönmə siqnalları və qabarit işıqları indi yenilənmiş əsas fənərlərdə quraşdırılıb. Gündüz hərəkət işıqlarının dörd nöqtəsi dörd zolağa çevrilib. Yüksək icazəli matrisa fənərləri əlavə ödənişlə təklif olunurlar: onlar 32 min pikseli ehtiva edir və 600 metrlik məsafəni işıqlandırırlar. Arxa işıqların tək zolağı dəyişdirilib, mühərrik bölməsinin üstündəki barmaqlıq yenidən işlənib.
2+2 oturacaq formuluna malik olan salon artıq pulsuz opsiyadır, bütün Porsche 911 modelləri standart olaraq yalnız iki oturacaq və onların arxasındakı çantalar üçün meydança ilə çatdırılacaqlar. Digər əhəmiyyətli dəyişikliklər də var. Məsələn, indi sükan çarxının solunda mühərrikin ənənəvi işə salma dəstəyinin yerinə adi düymə quraşdırılır. Cihazlar panelindəki mərkəzi yer tutan analoq taxometri də təqaüdə göndərilib. Porsche 911 sportkarı 12,6-düymlük əyri ekranı olan tam virtual cihazlar panelini alıb. Beş yumru şkalaları olan Classic rejimi də daxil olmaqla, yeddi əksolunma rejimi var.
PCM (Porsche Communication Management) media sistemi 10,9 düymlük ekranı saxlayıb, lakin onun qrafikası dəyişdirilib və onlayn imkanları genişləndirilib. Sükan çarxındakı dairəvi idarəetmə rejimləri selektoru da yenidən işlənib. Smartfonlar üçün simsiz şarj cihazı olan soyudulan bölmə peyda olub.
Almaniyada yenilənmiş Porsche 911 sportkarına sifarişlər artıq qəbul edilirlər. Modelin qiyməti xeyli artıb. Carrera baza versiyasının qiyməti indi 128,700 avrodan başlayır, halbuki əvvəllər başlanğıc qiymət 122,500 avro təşkil edirdi. Hibrid üçün isə, ən azı 170.600 avro ödəmək gərək olacaq! Xatırladaq ki, əvvəllər Carrera GTS modelinin qiyməti 155 300 avrodan başlayırdı. Beləliklə, yeni GTS ilə Turbo versiyası (176 900 avro) arasındakı qiymət fərqi demək olar ki, çox azdır. Bunda sonra, Porsche 911 ailəsindəki çoxsaylı versiyaların ardıcıl modernləşdirilməsi də aparılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.