Porsche şirkəti yenilənmiş Macan krossoverinin Turbo modifikasiyasını təqdim edib. Yenilənmiş Porsche Macan Turbo 2,9-litrlik biturbo V6 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 440 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, restaylinqdən öncəki Macan Turbo 400 at qüvvəsi və 550 Nm hasil edən 3,6-litrlik V6 mühərriki ilə təchiz edilirdi. Beləliklə, yenilənmiş Macan Turbo sələfindən 40 at qüvvəsi güclü olub.
2,9-litrlik güc aqreqatı 7-pilləli PDK «robotu» və Porsche Traction Managment tam çəkiş sistemi ilə tandemdə çalışır. Sport Chrono dəsti ilə təchiz edilmiş Macan Turbo ilk «yüzlüyü» 4,3 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,3 saniyə yeyindir. Krossoverin maksimal sürəti də 4 km/saat artaraq 270 km/saata bərabər olub.
Porsche Macan Turbo modelinin standart təchizatına yavaş yeyilən və 90% az əyləc tozu buraxan Porsche Surface Coated Brake əyləcləri, ağ rəngli supportları olan volfram-karbidi ilə örtülmüş əyləc diskləri, 20-düymlük təkər diskləri və 10,9-düymlük sensorlu displeyi olan multimedia sistemi, naviqasiya, LTE modulu, Wi-Fi giriş nöqtəsi, 14 dinamikli 665 vatlıq Bose Surround Sound səs sistemi daxildir.
Əlavə ödənişlə, qızdırılan GT sükan çarxını, smartfonların induksion doldurulması sistemini, alın şüşəsinin qızdırılmasını, tıxac yardımçısı olan adaptiv kruiz-kontrolu, təkmilləşdirilmiş porşenləri və yeni hidravlik amortizatorları olan pnevmoasqını, PTV Plus dartma vektoruna nəzarət sistemini və daha effektiv karbon-saxsı əyləc mexanizmlərini sifariş etmək olar.
Porsche Macan Turbo modelinə sifarişlər artıq qəbul olunur. Almaniyada krossover 91922 avrodan başlayan qiymətlər ilə satılır.