Özünün radikal tüninq proqramları ilə məşhur olan Prior Design atelyesi yeni nəsil Mercedes-Benz S-Class Coupe modeli üçün təkmilləşdirmələr proqramını təqdim etmişdir
PD75SC adını almış tüninq dəsti yeni ön və arxa spoylerlərin, ön və arxa bamperlərin, həmçinin arxa diffuzorun quraşdırılmasını təklif edir. Eyni zamanda, yan «ətəkləri», yeni qanadları və başqa formalı havalandırma girişlərini qeyd etmək də olar. Əlavə ödənişlə, baqaj bölümünün üzərində bərkidilən arxa antiqanadı quraşdırmaq təklif edilir.
Təsvirlərdən də göründüyü kimi, avtomobilin klirensi ciddi şəkildə azaldılmış, kupenin eni isə, daha geniş aerodinamik dəst sayəsində 2,12 metrə qədər artırılmışdır. Tüninq dəstinə PD4 təkər diskləri, salonun dəri və alkantara ilə tərtibatı, qapı və oturacaqların mavi naxışla işlənməsi də daxildir. Xatırladaq ki, yenilənmiş Mercedes-Benz S-Class Coupe modelinin təqdimatı aprel ayında baş tutmalıdır. Kupenin mühərrik çeşidində ciddi dəyişikliklər edilmişdir.
Belə ki, V6-formalı mühərriklər sıralı altı silindrli mühərriklərlə əvəz ediləcəkdir. Bunlara misal olaraq 408 at qüvvəli M 256 benzin mühərrikini və 313 at qüvvəli OM 656 dizel güc aqreqatını göstərmək olar. Eyni zamanda, kupe 476 at qüvvəli 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikini də əldə edəcəkdir.